Azərbaycanda “Gülümsəyən Uşaqlar” layihəsi həyata keçiriləcək
936 dəfə baxılıb
Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi Rayon Təşkilatından AzərTAc-a bildirilib ki, avqustun 15-23–də Bakıda və Ağdaş rayonunda anadangəlmə qüsurlu uşaqlara tibbi yardım göstəriləcək.
Artıq bir neçə ildir ki, YAP-ın təşəbbüsü ilə Beynəlxalq Yerüzü Doktorlar Təşkilatı Azərbaycanın ucqar bölgələrində yaşayan yüzlərlə imkansız ailələrdən olan anadangəlmə qüsurlu uşaqlara tibbi yardım göstərir.
Əməliyyatları Türkiyə və Azərbaycan həkimləri birlikdə keçirir. Bu təşkilatın xətti ilə Türkiyənin tanınmış və müxtəlif ixtisaslı həkimlərinin Azərbaycana sayca artıq dördüncü səfəri olacaq.
“Gülümsəyən Uşaqlar” adlanan bu layihə avqustun 15-23–də Bakıda və Ağdaş rayonunda keçiriləcək. Humanitar missiya avqustun 15-də saat 12-də Sabunçu rayonunda yerləşən Plastik Cərrahiyyə Mərkəzində və avqustun 16-dan etibarən isə Ağdaş rayon Mərkəzi Xəstəxanasında başlayacaq.
Bütün bu tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bilavasitə dəstəyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Hazırda nazirliyin tapşırığı ilə bütün bölgələrdən olan bu cür anadangəlmə qüsurlu xəstələrin ilkin siyahısı hazırlanıb.
“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.(Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə)