Azərbaycanda həbs edilən “İŞİD” üzvü: “Ayda 150 dollar alırdıq”
1. 161 dəfə baxılıb
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirib.
E. Behbudov APA-ya açıqlamasında orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlandığını deyib: “Hacı Məmmədovun səhhətində heç bir problem yoxdur. Bir müddət əvvəl bəzi qəzetlər onun intihara cəhd etməsi barədə məlumat yaydılar. Bu xəbərin heç bir əsası yoxdur.
Hacı Məmmədov şəkər və təzyiqdən əziyyət çəkir. Milli Təhlükəsizlik Nazirliyinin müalicə müəssisəsi olmadığından Ədliyyə Nazirliyinin müalicə müəssisinə göndərilərək müayinədən keçirilib və yenidən Milli Təhlükəsizlik Nazirliyinə qaytarılıb. Hər hansı şikayəti yoxdur”.
E. Behbudov orada saxlanılan başqa 3 nəfərlə görüşdüklərini də bildirib: “Cəfərova Nərgiz Zeynal qızı ilə görüşdük. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilib. Hər hansı şikayəti yoxdur və özünü təqsirli bilir. Daha sonra 1990-cı il təvəllüdlü Qurbanlı Elşən Əbülfət oğlu ilə görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir.
Sentyabr ayında Bakıda, hava limanında həbs olunub. May-sentyabr aylarında Suriyada “İŞİD” qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib. Bildirir ki, pula görə oraya gedib və peşmandır. Orada saxlanılan Mustafayev Elxan İsa oğlu ilə də görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir.
Azərbaycana keçərkən Qazaxda həbs edilib. Bir ilə yaxın Suriyada döyüşlərdə iştirak edib, “İŞİD”in üzvü olub. Əməlindən peşman olduğunu bildirdi. Qeyd etdi ki, orada bir ayına 150 dollar pul veriblər və işi maşınla yemək daşımaqdan ibarət olub. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”