Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda ilk dəfə üç xəstəyə sümük iliyi köçürülüb

İyul 21
11:49 2014

AzərTAc-ın məlumatına görə, Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi əməliyyatı icra olunub.

Bununla əlaqədar olaraq iyulun 18-də Respublika Talassemiya Mərkəzində mətbuat konfransı təşkil olunub. Tədbirdə Mərkəzin direktoru Rauf Rzayev bildirib ki, azərbaycanlı həkimlərlə Belarus mütəxəssislərinin birgə keçirdiyi 3 sümük iliyi transplantasiyası əməliyyatı uğurlu keçib, hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə buraxılmaq ərəfəsindədirlər: “Bu, Azərbaycan səhiyyəsi üçün böyük uğurdur”.

Qeyd etmək lazımdır ki, sümük iliyinin transplantasiyası əməliyyatı, həm də xəstənin sonrakı müalicəsini Azərbaycan dövləti ödəyir.

Mətbuat konfransında verilən məlumata əsasən, nisbətən yeni tibbi prosedur olan sümük iliyinin köçürülməsi əməliyyatı MDB ölkələrindən yalnız Rusiya Federasiyası, Ukrayna və Belarusda, ümumilikdə isə dünyanın 19 ölkəsində tətbiq edilir. İlk dəfə belə əməliyyat 1968-ci ildə keçirilib. Sümük iliyi transplantasiyası leykoz (qan xərçəngi),
aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir.

Bildirilib ki, sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardaşının sağlamlığı imkan vermədiyi halda Dünya Donorlar Bankının qeydiyyatındakı donor hüceyrələrindən istifadə edilir. Azərbaycan Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olmaq üçün bu sahədə 100-dək əməliyyat aparmalıdır. Bu da yaxın gələcəyin işidir.

Mərkəzin sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva bildirib ki, 2013-cü ilin noyabrından indiyədək mərkəzə sümük iliyinin köçürülməsi ilə bağlı 24 xəstə müraciət edib.

Mərkəzin sümük iliyi transplantasiyası şöbəsinin həkimi Sahilə Sultanova isə əlavə edib ki, növbəti sümük iliyinin köçürülməsi əməliyyatı bu ilin oktyabr ayının əvvəllərində dörd xəstənin üzərində aparılacaq.


“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).
Məhəmməd Peyğəmbər

(Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər