Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda işıq pulu artırıldı

İyul 15
15:40 2016

Azərbaycan Tarif (qiymət) Şurasının mətbuat xidmətindən verilən məlumata görə,yeni tariflər bu gündən etibarən qüvvəyə minir.

İyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının keçirilən növbəti iclasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılmış, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.
Bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə edilmişdir. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur.

Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik (əvvəl 6 qəpik) müəyyən edilib.

Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir. Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əməkhaqlarının artırılmasına imkan verəcək.
Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcəkdir. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)

“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər