Azərbaycanda İslam kollecləri üçün dərsliklər hazırlanır – MÜSAHİBƏ
1. 115 dəfə baxılıb
Selefxeber.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev “Report“un suallarını cavablandırıb.
– Azərbaycanda uşaq və yeniyetmələr üçün “İslam Ensiklopediyası” hazırlanır. Kitab nə zaman nəşr olunacaq?
– Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı imzalanan sərəncamın icrasını təmin etmək məqsədilə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Tədbirlər Planının 15-ci bəndində uşaq və yeniyetmələr üçün il ərzində “Qısa İslam Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən artıq sərəncamda nəzərdə tutulan ensiklopediyanın hazırlanması işlərinə başlanıb. Bu məqsədlə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərliyi altında redaksiya heyəti yaradılıb. Eyni zamanda, həmin ensiklopediyada işin əsas hissələrindən hesab olunan uşaq və yeniyetmələr üçün əhəmiyyət kəsb edən sözlərin seçilməsi prosesi başa çatdırılıb. Nəşrin hazırlanmasında hansı müəlliflərin iştirak edəcəyi də müəyyənləşdirilib. Nəfis tərtibatda hazırlanacaq kitab ilin sonunadək çap olunacaq.
– Bəs ölkədə yeni təsis edilən İslam kolleclərində təhsil alanlar üçün dərslik məsələsi ilə bağlı hansı işlər görüləcək?
– Ölkə Prezidentinin diqqət və qayğısı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin ortaq fəaliyyəti nəticəsində İslam kolleclərinin yaradılması respublikada yerli dini kadrların yetişdirilməsi üçün atılan mühüm addımdır. Məlumdur ki, ölkəmizdə ciddi dini kadr çatışmazlığı var və bu boşluğu xaricdə təhsil almış şəxslər doldurmağa çalışırlar. Xaricdə dini təhsil almış şəxslər arasında vətənpərvər şəxslər olduğu kimi, müəyyən dövlətlərin maraqlarını həyata keçirməyə çalışan, məzhəb təəssübkeşliyindən çıxış edənlərə də rast gəlinir. Düşünürük ki, yeni açılan İslam kollecləri yerli dini kadrların yetişdirilməsi sahəsində öz bəhrəsini verəcək, bu orta dini təhsil müəssisələrinin məzunları cəmiyyətin dini maarifləndirilməsi və dini radikalizmlə mübarizə sahəsində biliklərini tətbiq edəcəklər.
O ki qaldı həmin tədris ocaqları üçün nəzərdə tutulmuş dərs vəsaitlərinə, əlbəttə, bu önəmli məsələ Dövlət Komitəsinin diqqət mərkəzində saxlanılır. İslam kollecləri üçün dərsliklərin hazırlanması məqsədilə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi və aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər həyata keçirir. Burada ən önəmli məsələ dərsliklərin yerli mühitə, yerli şəraitə uyğun olmasıdır. Bu sahədə həm təcrübəmiz var, həm də ki, müəyyən dərsliklərimiz mövcuddur. Qısası, bu istiqamətdə iş gedir, müsəlman ölkələrinin praktikası öyrənilir, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz nəzərə alınır, eyni zamanda bu dərsliklərin dünyəvilik prinsipinə zidd olmaması məsələsi diqqət mərkəzində saxlanılır.
– Bu günə kimi mədrəsə kimi fəaliyyət göstərən məktəblərdə təhsil alan gözdən əlil gənclərin dərslik problemi mövcuddur. Bu problemi aradan qaldırmaq üçün Dövlət Komitəsi tərəfindən hər hansı işlərin görülməsi mümkündürmü?
– Dövlət Komitəsi görmə qabiliyyəti məhdud və ya itirilmiş vətəndaşların dini ədəbiyyata olan tələbatlarını da daim diqqət mərkəzində saxlayır. Artıq bu istiqamətdə tərəfimizdən bir sıra addımlar atılıb. Bunun ən bariz nümunəsi 2015-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Brayl əlifbası ilə Qurani-Kərimin çap olunmasıdır. Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Brayl əlifbası ilə hazırlanan “Qurani-Kərim” 7 cilddə nəşr olunub.
Bununla yanaşı, 2016-cı ildə Dövlət Komitəsi Brayl əlifbası ilə “Quran hekayətləri”ni çap etdirib və kitabın təqdimatı 2016-cı il noyabrın 10-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində keçirilib.
Onu da vurğulayım ki, Brayl əlifbası ilə “Quran hekayətləri” Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq respublikada geniş miqyasda həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində dini kitabların çapı üçün ayrılmış vəsait hesabına nəşr edilib. Bu isə Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin təbliği işinə və görmə qüsuru olan vətəndaşlarımıza göstərdiyi diqqətin bariz nümunəsidir.
Sələf Xəbər: XX-ci əsrin məşhur alimi şeyx Albani (Allah ona rəhmət etsin) deyirdi: “Sələf dəvətinin əsası üç sütun üzərindədir:
Müqəddəs Quran, Səhih Sünnə və bu iki sütunun sələflərdən olan səhabələrin, onların ardıcıllarının və onları təqib edənlərin fəhminə müvafiq olaraq başa düşülməsi. Günümüzdəki və ya əvvəlki firqələrin zəlalətə düşməsi səbəbi məhz üçüncü sütunun tərk olunmasındadır!” (Bax “Məcəllə əl-Əsələ” № 23).Uca Allah buyurur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.” (Müqəddəs Quran, “Tövbə” surəsi, 100-cü ayə).
Bu ayədə Uca Allah səhabələrdən və məhz onların yolu ilə gedənlərdən razı olduğunu bildirir, bu da aydın şəkildə göstərir ki, müsəlmanlar Uca Allahın razılığına nail olmaq üçün onların yolu ilə getməlidir.