Azərbaycanda qadağa: Uşaqlar dini məclislərə buraxılmayacaq
1. 393 dəfə baxılıb
Azərbaycanda qadağa: Uşaqlar dini məclislərə buraxılmayacaq
Dini mərasimləri təşkil edən qurumlar orada iştirak edən uşaqların yaş həddini nəzərə almalıdır. Bu barədə “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsində yazılıb.
Selefxeber.az xəbər verir ki, bunu Sputnik.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Taliyə İbrahimova bildirib.
Qeyd edək ki, oktyabrın 1-də respublikanın bir çox rayonlarında, eləcə də, Bakı şəhərində və paytaxtın ətraf kəndlərində Aşura günü ilə bağlı kütləvi mərasimlər təşkil edilib. Fotoqraflar valideynləri tərəfindən matəm tədbirlərinə gətirilmiş onlarla uşağın şəklini çəkiblər. Bununla əlaqədar olaraq deputatlar və ictimaiyyət nümayəndələri öz narazılıqlarını ifadə ediblər.
Bundan dərhal sonra qanunvericilər uşaqlarını düzgün tərbiyə etməyən və onları yad təsirlərə məruz qoyan məsuliyyətsiz valideynləri cəzalandırmaq qərarına gəliblər.
Aşura müsəlmanların təqviminə görə Məhərrəm ayının onuncu günüdür. Həmin gün şiələr qətlə yetirilmiş İmam Hüseynə təziyə təşkil edir, ənənəvi toplu ritualda Şaxsey-Vaxsey (“Şah Hüseyn, vah Hüseyn”in qısaldılmış variantı) deyərək özünə işgəncə verir ki, bu da Azərbaycanda qətiyyən müsbət qarşılanmır.
İbrahimovanın sözlərinə görə, qanun layihəsi AR Prezidentinin Administrasiyasına təqdim edilib və Milli Məclisin payız sessiyasında ona baxılacaq. Sənəd Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli, 2074 nömrəli Sərəncamına əsasən hazırlanıb və Uşaq Hüquqları Konvensiyasının 17-ci maddəsinin əsas konsepsiyasını əks etdirir.
“Yeniliklər ondan ibarətdir ki, dövriyyəyə buraxılan informasiya hər bir uşağın yaş həddinə uyğun olaraq təsnifləşdiriləcək. Eyni zamanda, kontenti yayan şəxslər bu və ya digər informasiyanı yayarkən auditoriyanın yaşını göstərməklə bağlı qanunun tələblərini nəzərə almalıdırlar” – deyə İbrahimova bildirib.
Sənəd telekanallarda yayımlanan, çap məhsullarında və KİV-də dərc edilən bütün informasiyaların ekspertlər vasitəsilə analizini aparan xüsusi qurumun yaradılmasını da nəzərdə tutur.
İbrahimova qeyd edib ki, bu günə qədər bu məsələlər Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli, 04/3 saylı qərarı ilə tənzimlənib. Həmin qərara əsasən, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” təsdiq edilib.
Bu qaydalarla əlaqədar olaraq sutkanın müəyyən vaxtlarında kodlaşdırılmamış kanallar vasitəsilə uşaqların kövrək psixikasına təsir göstərən proqramların translyasiyası qadağan edilir.
İndi bu məhdudiyyətlər təkcə televiziya və reklamlara şamil edilməyəcək. Bütün Azərbaycan məkanında informasiya dövriyyəsinin yeni qaydaları yaradılacaq.
“Buna oxşar qanun layihəsi modeli MDB İcraiyyə Komitəsində mövcuddur. Rusiya, Tacikistan və Qazaxıstanda artıq bu qanun qəbul edilib”, – deyə ekspert bildirib.