Azərbaycanda siqaret çəkənlərə qadağa
949 dəfə baxılıb
Qapalı məkanlarda siqaret çəkmək qadağan edilə bilər.
Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qanunla qadağan edilə bilər. Bununla bağlı qanun layihəsi Milli Məclisin Sosial Siyasət Komitəsində müzakirə edilir.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, bunu açıqlamasında komitənin sədri, millət vəkili Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, qanunun qəbul olunmasi üçün bir çox amillər nəzərə alınmalıdır. Hazırda cəmiyyətimizin bu qanunun qəbuluna hazır olub-olmadığı araşdırılır.
Siqaretin satışına gəlincə bu məsələ “Tütün və tütün məmulatları haqqında” haqqında qanunda öz əksini tapıb. Qanunda tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə və 18 yaşından aşağı şəxslərə siqaret satışı qadağan olunur.
Ancaq bu qaydanın icrasında problemlər var. İstənilən məktəbin yaxınlığında siqaret satılması faktının şahidi olmaq mümkündür.Tütün məmulatlarının satışı ilə məşğul olanlar isə bu qanundan, ümümiyyətlə, xəbərsiz olduqlarını deyirlər.
Satıcı Araz Ömərov deyir: “Mən azyaşlılara siqaret satışının qadağan olduğunu bilmirdim. Qanunla qadağandırsa və nəzarət edilsə, satmaram. Kim istəyər ki, cərimə edilsin?”
Qəzet satışı üçün nəzərdə tutulan qasid dükanında işləyən satıcı Elnur Novruzov da 18 yaşından aşağı şəxsə siqaret satılmasının qanuna zidd olduğunu bilmir. O deyir ki, dənə ilə satdığı siqareti alanlar arasında azyaşlılar daha çoxdur. “Amma buna nəzarət gücləndirilsə, bu bizim üçün ciddi itki olar”, – deyə satıcı əlavə edib.
Qanunvericiliyə əsasən, satıcı həddi buluğa çatmamış yeniyetməyə bir dənə də olsa siqaret satsa, 16.5 manatdan 44 manatadək cərimə oluna bilər.
Hüquqşünas Aslan İsmayılovun sözlərinə görə, inzibati Xətalar Məcəlləsinə əsasən “Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə şərti maliyyə vahidinin (şərti maliyyə vahidi 1 manat 10 qəpikdir) on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.
Bu sahədə nəzarət mexanizmi ciddi olmadığına görə büdcədən külli miqdarda pullar yayınır”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə, dünyada hər dəqiqə 10 milyon ədəd, hər gün isə 15 milyard ədəd siqaret satılır.
Açıqlamada Azərbaycanın siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə dünya ölkələri arasında 22-ci yeri tutduğu bildirilir.
Səhiyyə Nazirliyinin rəsmisi Nəsib Quliyev isə bu rəqəmlərlə razılaşmır. O deyib: “Azərbaycanda siqaret çəkənlərin sayı azalıb. Lakin təşkilat bunu ölkəmizdə təşviş yaratmaq üçün bilərəkdən edir. Olkəmizdə siqaret çəkənlər günbəgün azalır”.
Statistika Komitəsinin hesabatı da maraq doğurur. Komitənin rəsmisi Yaşar Əliyev açıqlamasında: “bu sorğunun obyektiv olmadığını” etiraf edib. O deyib ki, sorğu ailə üzvlərinin bir yerdə olduğu zaman alınıb: “Heç bir övlad, atasının heç bir qadın isə həyat yoldaşının qarşısında siqaret çəkdiyini etiraf etməz. “Ona görə də statistikada bu faizlərlə rastlaşsaz, təəccüblənməyin”.
2014-cü ildə siqaret çəkənlərin statistikası
Azərbaycanda siqarət çəkənlər arasında uşaqların sayı da az deyil. Sosioloqlar problemin həlli yolunu orta məktəblərdə maarifləndirici tədbirlərin gücləndirilməsində görürlər. Sosioloq Əhməd Qəşəmoğlu təklif edir ki, Birinci Avropa Oyunları zamanı olduğu kimi bu işə də könüllülər cəlb edilsin. “Könüllülərin əsas hədəfi azyaşlılara siqaret satanlar olmalıdır”, – deyə sosioloq əlavə edib.
Dünya ölkələri arasında ilk 25-liyə, sadəcə çəkdiyimiz siqaret sayı ilə düşməyimiz, əlbəttə bizim üçün müsbət hal deyil. Bu statistikada daha yüksəklərə çıxmamaq üçün Milli Məclis, Səhiyyə və Təhsil Nazirliklərini tez bir zamanda hərəkətə keçməlidirlər.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir. İnsana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Siqaret bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaret çəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret almağa pul xərcləməyə məcbur olur ki, bu da başqa günaha – israfçılığa səbəb olur.
XX əsrin görkəmli İslam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşduqda, şeyx belə cavab verib: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə).
Tibb sübut edir ki, siqaret çəkmək sağlamlığa ziyan vurur və hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (“Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin”)