Azərbaycanda təbii qaz və işığın qiyməti bahalaşdı
1. 887 dəfə baxılıb
Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Selefxeber.az Tarif Şurasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.
Yeni qərarla işıq və qaz pulu necə hesablanacaq?
Elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə – yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanacaq. Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Qazın illik istehlak həcminin 1500 m3 -dək olan hissəsi üçün köhnə tariflə – 100 manat, istehlak həcmi 1500 m3 -dən çox olan hissəsi isə 200 manat müəyyən edilib.
Qərar dekabrın 1-dən qüvvəyə minəcək. Yeni tarif sistemi ölkədə ilk dəfə komunal sahədə differensiallaşma və optimallaşdırmanın tətbiqidir. Azərbaycanda bəzi kommunal xidmətlər sahəsində tətbiqinə başlanan differensial ödəniş sistemi artıq bir çox ölkələrdə istifadə edilir.
Mütəxəssislərin fikrincə bu cür ödəniş sisteminin tətbiqi istehlakçılar arasında qaz və elektrik enerjisindən istifadə zamanı israfçılığın aradan qaldırılmasına həmçinin paylayıcı şəbəkələrin üzərinə düşən gərginliyin həcmini azaltmağa xidmət edir.
İclasda həmçinin, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın qərarı 2016-cı ilin 29 noyabr tarixindən qüvvəyə minir.