Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanda “Yaşıllaşdırma” marafonuna start verilib

Noyabr 06
19:28 2014

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, dünən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.

Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabr ayında və mart ayının sonu – aprel ayının əvvəlində) əkilməsi və marafonun may ayının əvvəlində başa çatdırılması planlaşdırılır.

Sözügedən marafon IDEA İctimai Birliyinin internet səhifəsində mütəmadi olaraq işıqlandırılacaq və onun gedişi zamanı müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcək.

Layihədə Azərbaycanın 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.

IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən ölkəmizdə yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət verib və bu sahədə bir sıra uğurlu layihələr həyata keçirib.

 Sələf Xəbər: Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş, insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).

Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını istəyirik. Rəbbimizdən, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa istək, arzu və əməl diləyirik. Amin!

Digər xəbərlər