Azərbaycanın bütün məscidlərində ölən neftçilərə dualar ediləcək
658 dəfə baxılıb
“Allah Vətənimizi hifz etsin!”
Bu günlərdə Azərbaycandakı bütün məscidlərdə “Günəşli” neft yatağında baş vermiş hadisə nəticəsində həyatını itirən neftçilərin xatirəsi yad olunacaq, onlar üçün Quran oxunacaq, dualar ediləcək.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.
Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib, ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyib.
QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir və məğfirət, yaralılara şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir: “Allah Vətənimizi hifz etsin!”
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)