Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycanın rayonlarında Qurban bayramı qeyd olunub

Oktyabr 07
20:19 2014

“Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban bayramı ölkəmizin hər yerində təntənəli qeyd olunub.

Zərdabda Qurban bayramı münasibətilə ümumrayon mərasimi keçirilib. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə onlarla iri və xırdabuynuzlu mal-qara kəsilərək tənha və imkansız ailələrə paylanılıb. Ümumilikdə 300 ailəyə Qurban payı verilib.

Füzuli rayonu ictimaiyyətinin nümayəndələri Qurban bayramını cəbhə xəttində düşmənlə üz-üzə xidmət edən əsgərlərlə birgə keçiriblər. Qonaqlar ön xətdə xidmət edən əsgərlərimizin vəziyyəti ilə maraqlanıb, xidmət və məişət şəraiti ilə tanış olub, onlarla səmimi söhbətlər aparıb, Vətənin keşikçilərinə bayram sovqatları çatdırıblar.

Tərtər rayonunda da Qurban bayramı böyük təntənə ilə qeyd edilib. Bayram günlərində rayon icra hakimiyyətinin, idarə və təşkilatların, iş adamlarının, imkanlı şəxslərin köməyi ilə rayonun bütün yaşayış məntəqələrində qurbanlıq heyvanlar kəsilib, imkansız insanlara, tənha qocalara, əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə, qoşunların təmas xəttinə yaxın olan kəndlərin sakinlərinə paylanıb.

Belə tədbirlərdən biri də rayonun cəbhə xəttində yerləşən Qazyan, Qapanlı, Borsunlu, Qaradağlı, Qapanlı kəndlərində keçirilib. Müqəddəs Qurban bayramı münasibətilə bu kəndlərdə yaşayan 1100 ailəyə qurban ətləri paylanılıb.

Qurban bayramı laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində qeyd edilib. Mərasimdə bayramın fəzilətlərindən danışılıb, dualar edilib. Sonra 110 baş qoyun kəsilərək, respublikanın 23 rayon və şəhərində məskunlaşan 800 Qarabağ müharibəsi əlili, şəhid və imkansız laçınlı məcburi köçkün ailələrinə qurban payları göndərilib.

Qazax və Ağstafa rayonlarında aztəminatlı ailələrə və sərhəd kəndində yaşayanlara bayram sovqatı paylanılıb. Ağstafa rayon rəhbərliyi tərəfindən təşkil olunmuş tədbirdə də 500 ailəyə bayram sovqatı paylanılıb.

Qurban bayramı Göyçay rayonunda yüksək əhval ruhiyyədə qeyd olunub. Səhər saatlarında rayonun məscidlərində bayram namazı qılınıb, dualar edilib. Sonra qurbanlıq heyvanlar kəsilib. Rayon icra hakimiyyətinin rəhbərliyi yardıma ehtiyacı insanlara, tənha qocalara, əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə qurban əti paylanılıb. Bu xeyriyyə aksiyasına rayonun iş adamları da qoşulublar.

Lənkəran rayonunda da bayram tədbirlərində şəhid ailələrinə, müharibə veteranlarına, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, eləcə də aztəminatlı ailələrə Qurban əti paylanılıb. Bayramın ilk günü rayonda 5000-ə yaxın ailəyə Qurban payı verilib. Qurban bayramı münasibətilə Cəlilabadda keçirilən mərasimində isə 2500-dən çox şəhid ailəsinə, Qarabağ və Böyük Vətən müharibələri əlillərinə, əmək veteranlarına, kimsəsiz və aztəminatlı ailələrə sovqat paylanılıb.

Mingəçevir şəhərində Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1500 ailəyə qurban payı verilib. Mingəçevir şəhər məscidində imkansızlar üçün bayram süfrəsi təşkil olunub. Oktyabrın 5-də idarə və təşkilatlar, şəhərin imkanlı şəxsləri tərəfindən daha 500 ailəyə qurban əti paylanılıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində, Vəndam, Bum və Nic qəsəbələrində heyvanlar kəsilib, bütün yaşayış məntəqələrində ehtiyacı olan insanlara qurban əti paylanılıb. Həmin gün rayon icra hakimiyyəti tərəfindən 2 mindən çox ailəyə qurban payları verilib.

Ağdaş rayonunda bayram namazı qılındıqdan sonra qurbanlıq heyvanlar kəsilərək paylanılıb. Rayon icra hakimiyyəti tərəfindən 1800 ailəyə qurban əti verilib. Eyni zamanda, yataq xəstəsi olan sakinlərə də baş çəkilib, onların bayramları təbrik edilib və qurban payları verilib.

 Sələf Xəbər: Əl Bara ibn Azib (Allah ondan razı olsun) belə rəvayət edir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: “Bu gün bizim ilk öncə edəcəyimiz iş namaz qılmaqdır. Sonra qayıdaraq qurban kəsəcəyik. Kim belə edərsə sünnəyə müvafiq olmuşdur. Hər kim (namazdan qabaq) kəsmişsə, bu ailəsi üçün kəsdiyi ət sayılır və qurbanlıqdan onun heç bir payı yoxdur!” (Buxari (5560), Müslim (1961)).

Allahu Təalə buyurur: “Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin!” (Qurani Kərim, “Həcc” surəsi, 28-ci ayə).

Digər xəbərlər