Azərbaycanın uğurlu xarici siyasəti – qondarma rejimin “müstəqilliyinin 25 illiyi” tədbiri ləğv edildi
781 dəfə baxılıb
Ermənistanın təxribatçı məqsədlərlə siyasi və xarici siyasət məsələləri üzrə mərkəzlə birlikdə 2-3 sentyabr tarixlərində İrəvanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbir ləğv edilib.
Selefxeber.az-ın məlumatına görə bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai şəxslərin dəvət edildiyi bu tədbir iştirakçılarının sonra işğal edilmiş Azərbaycan ərazilərinə səfəri nəzərdə tutulurdu. Siyasi və xarici siyasət məsələləri üzrə mərkəzin sədri Fabien Baussart bəyanatla çıxış edərək bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib”, – Hacıyev bildirib.
XİN rəsmisinin sözlərinə görə, Ermənistanın qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə gizlin şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını almaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi 25 və 31 avqust tarixində bəyanatlarla çıxış edib və zəruri önləyici addımlar atılıb: “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xüsusilə Fransa və Böyük Britaniyadakı səfirlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. Müsbət haldır ki, tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina etmişdi”.
H.Hacıyev deyib ki, rəsmi İrəvanın bu kimi təxribatçı əməllərlə məşğul olmaq əvəzinə, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atması regionda davamlı sülhün təmin edilməsinə xidmət edərdi: “Ermənistanın bu kimi təxribatçı əməllərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcəkdir”.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).
Erməni işğalçılarının haqsız olaraq torpaqlarımıza təcavüzü və bir milyondan çox insanı öz yurd-yuvasından məhrum etməsi böyük zülmdür. Allahın köməkliyi ilə bu zülm cavabsız qalan deyil.