Azərbaycanlı deputatlardan Papanın fikrinə sərt reaksiya
687 dəfə baxılıb
Azərbaycan Milli Məclisinin iclasında Roma Papasının uydurma “erməni soyqırımı” ilə bağlı çıxışına etiraz bildirilib.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən xəbərinə görə, Zahid Oruc çıxışında deyib ki, ermənilərin nefti və qazı olmasa da, mühüm silahları var: “Uydurublar ki, xristianlığın beşiyi oradır və “soyqırım” silahından yararlanırlar”.
Sabir Rüstəmxanlı isə bəyan edib ki, ən yaxşı cavab özümüzün iş görməyimizdir: “Ermənilər yox yerdən abidə qurub və gəlib-gedən onu ziyarət edir. Min ildir fitnə-fəsad Roma Papasının başının altından çıxır. Bu adam Argentina əsillidir və orada ermənilər at oynadır. O vaxt Osmanlı İmperiyasında 1,2 milyon erməni yaşayırdı, amma bu adam iddia edir ki, 1,5 milyon erməni öldürülüb. Bəs, ermənilər məhv edildisə, onda dünyada yaşayan bu ermənilər haradan törəyib? Ədalətli, vicdanlı adam Ermənistana işğaldan əl çək deməli, sonra barışa çağırmalıdır. Biz bir məktubla öz etirazımızı bildirməli və Türkiyənin yanında olduğumuzu nümayiş etdirməliyik”.
Deputat, xalq artisti Zeynəb Xanlarova da çıxış edərək bildirib ki, qırxı çıxmış bir papanın haqqında danışmağa dəyməz: “Bu adamın yan-yörəsi bizə qarşı düşməndir. Papanın başı yerində olsa, onlara qulaq asmaz, öz başı ilə iş görər”.
Sədr Oqtay Əsədov Roma Papasının belə bir bəyanat verməsindən təəssüflənib: “Siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri siyasətə qarışmamalıdır. 100 il əvvəlki məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”.
Spiker xatırladıb ki, o vaxt Osmanlı İmperiyasında 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var: “İndi necə oldu ki, 1,5 milyon ermənini qırıblar? Bu, tarixi məsələdir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır”.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)