Bakı metrosu ilk dəfə bu vaxta qədər işləyəcək
736 dəfə baxılıb
“Bakı metropoliteni” bu günəcən görülməmiş bir işə qol qoydu.
“Bakı metropoliteni” Avropa Oyunları ilə bağlı xüsusi plan hazırlayıb. Qarşıdan gələn oyunlarla bağlı metropoliten ilk dəfə olaraq iş qrafikini gecə saat 3-dək uzadacaq.
“İyunun 12-si və 28-i (cəmi iki 2 gün) Avropa Oyunlarının açılış və bağlanış ərəfələrində Bakı metrosu gecə 3-dək işləyəcək, ola bilsin, bu vaxt 4-dək də uzadılsın”.
“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.
“Adi hallarda metropoliten saat 00:00-dək işləyir. Ancaq tariximizdə ilk dəfə olaraq Bakı metrosu gecə saat 3-dək işləyəcək.
Məqsəd isə Avropa Oyunlarının açılış və bağlanış tarixlərində oyunlardan çıxmış şəxsləri tam rahat şəkildə mənzil başına çatdırmaqdır. Əgər 3-ə qədər olan vaxt çatmazsa, qrafik saat 4-ə qədər də uzadıla bilər”, – Nəsimi Paşayev deyib.
Şöbə rəisi onu da əlavə edib ki, digər oyun günlərində – 13-27 iyun araları – “Bakı metropoliteni” gecə saat birə qədər işləyəcək, platformalarda sıxlığın qarşısının alınması üçün isə qatarlar arasındakı vaxt intervalı minimuma endiriləcək.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Quranda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.