Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakı polisi sərt xəbərdarlıq etdi: “… intizamsız sürücü də yol polisini sevmir”

Dekabr 08
15:39 2014

“İki gün öncə də bənzər hadisə baş verib. Polisin qanuni tələbini yerinə yetirməyərək onun üzərinə maşın sürən şəxs qanun qarşısında cavab verib”.

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov son zamanlar yol hərəkəti qaydalarını pozaraq polisə qarşı artan xəsarət yetirmə hallarına münasibət bildirərkən deyib.

O, intizamsızlığa meylli olan sürücülərin cəzalandırılması ilə bağlı məsələyə açıqlıq gətirməyin vacibliyini bildirib: “Hər halda, cinayətkar polisi sevmədiyi kimi, intizamsız sürücü də yol polisini sevmir. Onlar bilməlidir ki, polisə və onun xidmətinə qarşı bu cür hərəkətlər yolverilməzdir və buna görə hər kəs qanun qarşısında sərt şəkildə cavab verəcək. Əgər kim hesab edirsə ki, polis səlahiyyətini aşır, qeyri-qanuni protokol tərtib edir, sözsüz, şikayət etmək hüququ var. Yəni bütün hərəkətlər qanunla tənzimlənir və hər kəs öz əməlinə görə cavabdehdir. Gəncədə sürücü ilə yol polisi arasında baş verən oxşar hadisə araşdırılır. Bu gün hər bir sürücü yol polisinə qarşı belə qeyri-etik normalara uyğun hərəkət edirsə, bəs onda maraqlıdır, ictimaiyyət hara baxır? Polis cəmiyyətin üzvü və bu dövlətin vətəndaşıdır. Əgər açıq-aşkar yol hərəkəti qaydası pozulursa, polisin funksional vəzifəsinə uyğun olaraq vətəndaş saxlanılmaqla məsuliyyətə cəlb edilir. Əvəzində aqressiv münasibət sərgilənməsinə sözsüz ki, hüquqi qiymət verilir və veriləcək də”.

V.Əsədov bildirib ki, bir polis əməkdaşı xidmət aparırsa, bu, bizim evimizdə rahatlığımız deməkdir: “Təklükəsizliyimiz təmin olunursa, demək, polis iş başındadır. Hamı bilməlidir ki, polisin gecəsi-gündüzü, bayramı-istirahəti yoxdur. Bayram günləri polis üçün qırmızı gündür. Çünki polis həmin günlər – hamının istirahət etdiyi və bayram keçirdiyi günlərdə – daha çox işləyir, yatmır, dincəlmir. Polis qışın soyuğunda, bəzən mənfi 5 dərəcə şaxtada saatlarla ayaq üstə tıxacı açır, insanların evinə rahat getməsinə şərait yaradır. Bunu sürücülər görmürmü? İnsanların təhlükəsizliyi üçün bu qədər əziyyət çəkən polis işçisinə münasibət qeyri-etik olursa, buna nə ad vermək olar?”

DİN müvafiq tədbirlər görəcək
Polis polkovniki, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev isə bildirib ki, Dövlət Yol Polisinin əməkdaşına qarşı baş verən bu cür hadisənin kütləvi olması barədə təsəvvürlər yanlışdır: “Polis və hüquq mühafizə orqanı işçisi ilə vətəndaş arasında konflikt olanda bunun istintaq və təhqiqatını prokurorluq orqanı aparır. Prokurorluq bu işi aparanda onunla paralel Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi də təhqiqat aparır. Münaqişə araşdırılır və nəticədə məlum olarsa ki, hadisədə qismən də olsa, polis əməkdaşının təqsiri var, onda DİN həmin polis işçisi barədə inzibati tədbir görərək apardığı xidməti təhqiqatı prokurorluğa göndərir”.

Sabiq polis rəisi vurğulayıb ki, son iki ayda bu, dördüncü belə hadisədir: “Amma dırnaqarası olsa da, bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır. Buna ekstremal sensasiya kimi qiymət vermək olmaz. Çünki polisin də təqsiri ola bilər. Yəni vətəndaşı özündən çıxararaq onu affekt vəziyyətinə gətirmə halları da istisna deyil. Bütün bunlarla yanaşı, qeyd edim ki, bu cür halların baş verməsinə qətiyyən yol vermək olmaz. Nəticədə faktlar ortaya qoyularaq prafilaktik tədbirlər görülməlidir və inanıram ki, DİN-də hazırda bu proses aparılır”.

Onların əksəriyyəti cinayətkardır
Hüquqşünas, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bu cür hadisələrdə hər iki tərəflə bağlı səbəblərin olduğunu açıqladı: “DYP və polisin başqa xidmətinin əməkdaşı yola görüntü üçün çıxmır. Əgər qaydalar pozularsa, bu zaman aqressivlik göstərmək yox, məsuliyyəti daşımağa hazır olmaq lazımdır. Son vaxtlar cəmiyyətdə gərginlik artıb. Belə situasiyalarda polisin günahı bir qayda olaraq yetərincə peşakarlığın olmamasıdır. Qanunvericilikdə qeyd olunur ki, polis əməkdaşı öz təhlükəsizliyini mütləq gözləməlidir. YPX haqqında təlimatda göstərilir ki, yolda hərəkət edən avtomobili saxlayan zaman patrul maşını saxlanılan avtomobilinin qabağında deyil, arxasında dayanmalıdır. Əgər sürücü qərəzli şəkildə “sən kimsən” deyirsə, bu zaman polis bu qeyri-etik davranışa görə vətəndaşa həbslə bağlı xəbərdarlıq etməlidir. Yanaşma, münasibət və özünü qorumada peşəkarlıq olmalıdır”.

Ə.Hüseynov bildirib ki, polisdən əldə olunan rəsmi məlumata görə, son günlər polisə xəsarət yetirən sürücülərin çoxunun keçmişdə cinayətkar və axtarışda olan şəxslər olduğu aşkarlanıb: “Polis və sürücünün qarşıduran tərəf kimi təqdim olunması təhlükəli yanaşmalara yol aça bilər. Polisin əks-tərəf kimi təcrid olunmasını aradan qaldırmaq lazımdır. Hazırda qüvvədə olan qanunvericilikdə YPX haqqında təlimat, DYP-nin maarifləndirilməsi ilə bağlı onun fəaliyyətinə dair qanunvericilik var. DYP bütün imkanlardan istifadə edərək KİV, QHT-lər vasitəsilə maarifləndirmə aparmalıdır. Ancaq polislər özləri də bu işdə aktiv olmalı və cəmiyyəti inandırmağı bacarmalıdırlar. Polisin də vicadansızı, öz işini bilməyəni, bilib də icra etməyəni var. Belələri qovulur, töhmət alır, hətta həbs də edilir.”.

 Sələf Xəbər: Xatırladaq ki, polis rəhbərin nümayəndəsidir və buna görə müsəlmanlar Allaha itaətsizlik olmayan hallarda polisə tabe olmağa məcburdur. Uca Allah əmr edir: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”. (Qurani-Kərim, “Nisa” surəsi, 59).

Digər xəbərlər