Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bakı-Sumqayıt qatarına gediş haqqı nə qədər olacaq?

Sentyabr 11
12:23 2015

Bakı-Sumqayıt qatarı sentyabırn 15-də istifadəyə veriləcək. Bu yeniliyin tətbiq olunmasına 5 gün qalsa da, gediş haqqının məbləği hələ də məlum deyil.

“Sələf Xəbər”in Avropa.infoya istinadən məlumatına görə, Tarif Şurasından bildirilib ki, hazırda bu məsələ Tarif Şurasının katibliyində müzakirə olunur: “Prosesə uyğun olaraq adıçəkilən məsələ Tarif Şurasının gündəliyinə daxil olunur və növbəti iclasda bu məsələyə baxılacaq”.

Ehtimal olunur ki, Bakı-Sumqayıt qatarında gediş haqqı 50 və ya 70 qəpik ola bilər.

Qeyd edək ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.

Sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 6:00-an səhər saat 12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. Səhər saat 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər