Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı sınaq qatarı xəttə buraxıldı
1. 084 dəfə baxılıb
Ölkə üçün böyük əhəmiyyət kəsb edən dünyanın 100 layihəsi siyahısına daxil edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə həyata keçirilən layihələrdəndir. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin nəzərdə tutulduğu vaxtda başa çatdırılması üçün tikinti işləri uğurla davam etdirilir.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, “Azəryolservis” ASC-dən daxil olan məlumata görə, dəmiryolu layihəsinin Marabda-Kartsaxi hissəsində tikinti işlərinin sürətləndirilməsi məqsədilə 2011-ci ilin iyul ayında Gürcüstan Respublikasında “Azəryolservis” ASC-nin filialı yardılıb. İşlərin daha da səmərəliliyini təmin etmək üçün layihə 4 mərhələ üzrə Marabda-Tetritskaro, Tetritskaro-Tsalka, Tsalka-Axalıkalaki, Axalkalaki-Kartsaxi hissələrində aparılır.
Ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, çətin təbii relyefdən, dağlıq və meşəlik ərazilərindən keçən yolun tikintisi tərtib olunmuş gərgin iş qrafikinə uyğun olaraq demək olar ki, bütün sutka ərzində həyata keçirilib. Ümumilikdə Marabda-Kartsaxi hissənin tikintisində 1500 nəfərədən çox işçi, 500-dən çox maşın-mexanizm cəlb olunub.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi Türkiyə sərhədi sahəsində xəttə buraxılan ilk sınaq qatarının hərəkəti uğurlu başa çatıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC-in sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin iştirakı ilə Gürcüstan-Türkiyə sərhədindəki Kartsaxi stansiyasında sınaq qatarı xəttə buraxılıb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Türkiyə ilə sərhəddə qatarın sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib.
Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün lazımi şərait yaradılıb. Layihənin 2015-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.
Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar.
Əvvəllər, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.”