Bakıda 50 uşaq xilas edildi
832 dəfə baxılıb
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, dünən səhər Bakı şəhərinin Xətai rayonunda Süleyman Vəzirov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Binada uşaq bağçası yerləşdiyindən vəziyyət daha da mürəkkəbləşib.
Jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib ki, yanğın barədə məlumat saat 09:53-də daxil olub.
“Hadisə yerinə nazirliyin yaxın ərazidə olan bölmə və hissələrinin əməkdaşları gəlib. Daha sonra ikinci dərəcəli çağırış elan edilib. Çağırışa əsasən Bakı Qarnizonunun canlı qüvvə və texnikası hadisə yerinə cəlb edilib”, – Nazirlik rəsmisi qeyd edib.
Binanın zirzəmisindən başlayan yanğın 16-cı mərtəbəyədək şaxtada qeydə alınıb. Yanğın saat 10:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb, FHN rəsmi saytında bildirilib.
FHN-in əməkdaşları uşaq bağçasından 50 uşaq və 15 nəfər personalı, binadan isə 35 sakini təxliyə ediblər. Yanğın zamanı heç kim xəsarət almayıb.
Sələf Xəbər: Həqiqətdə, dünya həyatı təsadüflərdən ibarət deyil, və onda baş verən hadisələr dərin məna kəsb edir. Allah öz qullarının həyatını qabaqcadan elə yönəldir ki, onlardan hər bir öz həyatı barəsindən düşünə bilsin. Axı biz öz mövcudluğumuzun mahiyyəti haqqında düşünməyi unudaraq çox vaxt dünya təlaşında yaşayırıq və həyat su barmaqlarımızın arasından axdığı kimi keçib gedir. Əgər insan öz varlığının mahiyyəti haqqında düşünmürsə, Allah öz Mərhəməti ilə Özü sınaqlar vasitəsilə onu öz mövcudluğu və ölümü barəsində düşünməyə vadar edir.
Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə).
Yəni müsibət və sınaqlar insanların üzərinə ağır yük kimi çökür ki, onlar öz hərəkətləri, öz həyatları haqqında fikirləşsinlər, tövbə edib Tövhid (TəkAllahlıq) yoluna yönəlsinlər.
Belə vəziyyətdə sağ qalmaq, o xilas olunan insanın özünə ibrət olduğu kimi, digər insanlara da bu bir dərsdir.
Amma, təəssüf ki, insanların əksəriyyəti öz Rəbbinin Mərhəmətinə inamsızlıq göstərir və Allahdan başqa digər ilahlara ibadət etməyə davam edirlər.Uca Allah buyurur: “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. (Allah) onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar.” (Müqəddəs Quran, “Ənkəbut” surəsi, 65-ci ayə).