Bakıda yeni ekoloji layihə
690 dəfə baxılıb
“Təbiət Dostları” Gənclər Təşkilatı və “BioHerbal – Bakı” şirkəti yeni layihəyə start verir.
“Sələf Xəbər” Layihənin əsas məqsədi qlobal ekoloji problemlərin lokal həllində töhvə vermək üçün Baki ərazisində yeni meşə ərazisinin yaradılması olacaq. Layihə çərçivəsində 10.000-dən çox müxtəlif ağac və kol növləri əkilərək yerli icra və bələdiyyə orqanlarına təhvil veriləcək. Növbəti illərdə isə həmin ərazilərə davamlı səfərlər edərək, ağacların böyüyüb inkişaf etməsi üçün lazım olan işlərin aparılması planlaşdırılır. Hal-hazırda layihə çərçivəsində tədqiqat və ərazinin seçilməsi işləri aparılmaqdadır. Yaxın zamanlarda rəsmi olaraq seçilmiş ərazi haqqında və layihədə iştirak etmək istəyənlər üçün əlavə məlumat veriləcək.
Sələf Xəbər: Dində müəyyən qızıl qaydalar (qəvaid fiqhiyyə) vardır ki, İslamın bir çox prinsiplərini özündə ehtiva edir. Bu qaydalardan biri də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisinə əsaslanan “Zərər verməkdə yox, zərər almaqda yox!” qaydasıdır.
Bu qayda həyatın bütün sahələrinə aid olub, ətraf mühitin qorunmasına da şamil edilir. Çünki ətraf mühit çirkləndikcə bizim səhhətimiz korlanır, başqa sözlə, ya zərər vuranlardan, ya da zərərə uğrayanlardan oluruq.
Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.
Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir.
Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)
Dinimiz nəyinki ətraf mühiti qorumağı buyurur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş, insan və ya heyvan yeyərsə, bu becərən kimsənin sədəqəsi sayılar”. (Buxari və Müslim)
Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını və bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa özümüzə istək, arzu və əməl diləyirik. Amin!