Bakıdan Nabrana və Lənkərana dəniz turları təşkil oluna bilər
1. 036 dəfə baxılıb
Bakıdan Nabran, Lənkəran və digər yerlərə Xəzər dənizi vasitəsilə turların təşkili təklif olunur.
Selefxeber.az-ın məlumatına görə, bu təkliflə çıxış edən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov “Trend”-ə bildirib ki, dünyada okean və dənizlərdə müxtəlif turlar təşkil olunur və turistlər gəzdirilir. Lakin Azərbaycan Xəzər dənizinin potensialından turizm məqsədi ilə hələ tam istifadə etmir: “Azərbaycanda elə şəxslər var ki, dəniz turundan istifadə etmək üçün Türkiyə, İsveç, Norveç, Finlandiya, Danimarka kimi ölkələrə gedirlər. Amma Azərbaycanda indiyədək dənizin bu imkanlarından istifadə edilməyib. Xəzər dənizinin Azərbaycan sektorunda Nabrana, Lənkərana və digər yerlərə dəniz turları təşkil oluna bilər. Xəzər dənizinin potensialından istifadə etmək ölkəyə turistlərin daha çox gəlməsini sürətləndirəcək”.
M.Ağakərimov qeyd edib ki, Xəzər dənizində turlar təşkil olunduqda bundan yalnız Azərbaycanın deyil, Qazaxıstan, İran, Rusiyanın da əhalisi faydalana bilər.
Hazırda İrandan Azərbaycana turistlərin daha çox təyyarə və avtomobillərlə gəldiyini deyən M.Ağakərimov hesab edir ki, Xəzərdə dəniz turunun təşkili daha çox bu ölkədən gələn turistlərin sayının artmasına təsir göstərə bilər.
AzTa rəsmisi bu məqsədlə Xəzərsahili ölkələrlə ikitərəfli və çoxtərəfli müqavilələrin bağlanmasını zəruri sayır.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Dəniz Administrasiyası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparacaqlar.