Bayram günlərində şəhərlərarası marşrutlara 200-250 əlavə avtobus buraxılacaq
823 dəfə baxılıb
“Sələf Xəbər” AzərTAc-a istinadən bildirir ki, Qurban bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi oktyabrın 2-dən 7-dək gücləndirilmiş iş rejiminə keçəcək.
Növbə rəisi Məhəmməd Abdullayev bu haqda məlumat verərək bildirib ki, paytaxtdan bölgələrə sərnişin axının artması nəzərə alınaraq “M-Trans” MMC-nin rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb. Sərnişinlərin rahatlığını təmin etmək üçün ehtiyat nəqliyyat vasitələri ayrılıb. Xəttə hər gün 200-250 əlavə avtobus buraxılması nəzərdə tutulur. “Adi günlərdə 350-400 avtobusla 8-9 min sərnişin daşınırdı. Bayramla əlaqədar sərnişinlərin sayının 15 mindən çox olacağı gözlənilir ki, bu da gün ərzində bölgələrə 650-dək avtobusun yola salınmasını tələb edir”, deyə növbə rəisi vurğulayıb.
M.Abdullayev qeyd edib ki, təyin olunmuş qrafiklər üzrə bilet satışı 10 gün əvvəlcədən həyata keçiriləcək. Sərnişinlər, həmçinin internet vasitəsilə də bilet ala bilərlər. “Qiymət intizamına 8 nəfərdən ibarət komissiya nəzarət edəcək. Sərnişinlərə tövsiyə olunur ki, biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət etsinlər”, deyə növbə rəisi bildirib.