Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi sürətlə davam edir

İyul 25
08:00 2014

“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AzərTAc-a bildirib ki, Bilgəh-Novxanı-Sumqayıt istiqamətində inşa olunan yeni yol Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.

Ümumi uzunluğu 42 kilometr olacaq Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 kilometrlik hissəsində tikinti başa çatdırılıb.

Yolun 16,5-22-ci kilometrliyində 4 körpüdən 3-nün tikintisi yekunlaşıb. Həmçinin 28-ci kilometrdən 37-ci kilometrədək olan hissədə 2 körpünün və mal-qara keçidinin inşası başa çatmaq üzrədir. Yaxın günlərdə yola
asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Yolun həmin hissələrində işlərin 2015-ci ildə tamamlanması nəzərdə tutulur.

Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

“Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür.

Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.” (Bax “Təfsir Əs-Saadi”).

Uca Allah Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər