Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bu həkimlər sərt cəza alacaq – Qanun layihəsi

Aprel 12
17:56 2017

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri dəstəkləyib və bildirib ki, insanların sağlamlığına zərər vuranlar ağır şəkildə cəzalandırılmalıdır, əks halda, problemlər daha da dərinləşək, şikayətlər daha da artacaq.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə göstərilir ki, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı həyata keçirilərsə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.

Bu istiqamətdə problemlərin əhalinin sağlamlığına vurduğu böyük zərərlərdən danışan millət vəkili Q.Paşayeva vətəndaşlarımızı qorumaq üçün mexanizmlərin daha da gücləndirilməli olduğunu deyib. Bir sıra qanunlarda bioloji aktiv əlavə və qida əlavəsi ilə bağlı dəyişiklikləri də dəstəkləyən millət vəkili qeyd edib ki, dərman şirkətləri bir sıra həkimlərlə əməkdaşlıq edirlər və bunun nəticəsində bəzən xəstəyə yazılan reseptə bioloji aktiv əlavə və qida əlavəsi dərmandan daha çox olur:

“Çünki bir sıra həkimlər reseptə yazdığı bioloji aktiv əlavə və qida əlavəsinə görə həmin şirkətlərdən maddi dəstək alırlar. Xəstə isə bilmir ki, bunun hansı dərmandır, hansı bioloji aktiv əlavə və qida əlavəsi. Bəzi xəstələr isə ümumiyyətlə bioloji aktiv əlavə və qida əlavəsindən xəbərsizdirlər və elə bilirlər ki, həkim reseptə yazıbsa, demək, dərmandır və onun alınması xəstəliklə mübarizə üçün vacibdir. Dərman əlavələri isə bir çox hallarda dərmandan da baha olur. Bir çox hallarda xəstələr bu cür reseptlərlə çarəsiz qalırlar və ala bilmədiklərini deyib, bir sıra qurumlara müraciət edirlər. Vətəndaşların almağa kömək etmək üçün gətirdiyi xeyli reseptdə bu vəziyyəti görmüşük. Ona görə də vətəndaşlarımızı bu şəbəkədən qorumaq üçün qanunvericiliyə edilən dəyişiklik çox önəmlidir. Həkimlər bilməlidirlər ki, yazdıqları reseptə bioloji aktiv əlavə və qida əlavəsini yazarlarsa, cəzalanacaqlar. Onlar bununla bağlı xəstəyə məsləhət verə bilər, amma reseptə dərmanlar siyahısında yazmağın artıq qadağan olması və cəza tədbirləri ilə bağlı maarifləndirmə həkimlər və vətəndaşlarımız arasında daha geniş aparılmalıdır”.

Millət vəkili Q.Paşayeva bioloji aktiv əlavə və qida əlavəsi satılan yerlərdə onların qutusu üzərində dərman olmadığı barədə yazının olması barədə qanunlara edilən dəyişiklikləri də alqışlayaraq, buna yol verənlərin ciddi cəzalanmasını istəyib:

“İnsanlarımızın aldadılmasına yol verilməməsi üçün bu dəyişikliklər, yəni buna yol verənlərin cəzalandırılması vacibdir və qanunun həyata keçirilməsinə nəzarət edən orqanlar bu istiqamətdə işləri daha da sürətləndirməlidirlər. Eyni zamanda, dərmanların qiyməti, keyfiyyəti ilə bağlı məsələlərdə də cənab Prezidentin söylədiyi kimi işlər daha da sürətlənməlidir. Bir neçə gün əvvəl Türkiyədə səfərdə olduğum zaman yaxın bir insan zəng edərək, onkoloji xəstə olan anasına həkimin yazdığı “Xeloda” adlı dərman almağımı xahiş etdi. “Niyə Bakıdan almırsan” deyəndə, cavabı belə oldu ki, Bakıda həmin dərmanın qiyməti 500 manata yaxındır. Türkiyədə isə 120 dollar. Bu qədər böyük fərq var qiymətlərdə. Dərmanların qiyməti ilə bağlı özəlliklə həyati vacib dərmanların qiyməti ilə bağlı məsələlər daim diqqətdə olmalıdır. Cənab Prezidentin bu istiqamətdə verdiyi tapşırıqların yüksək səviyyədə icrası üçün müvafiq qurumlar daha çox işlər görməlidirlər”.

Moderator.az

Digər xəbərlər