Bu il Azərbaycanda 2 milyondan çox ağac əkilib
789 dəfə baxılıb
“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, 2014-cü ilin 9 ayı ərzində meşə fondu torpaqlarında 1 144 hektar sahədə yeni meşələr salınıb və meşə səpini işləri aparılıb. Ümumilikdə bu dövrdə 2 milyon 242 min ağac əkilib.
Bu barədə Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov prezident İlham Əliyevin (Allah onu qorusun) sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxışı zamanı deyib.
Hesabat dövründə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb.
Onun sözlərinə görə, son 10 il ərzində 103 min hektar sahədə meşə-bərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ağac yetişdirilib: “Son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilib. Son 4-5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasında 3405 hektar ərazidə 3,5 milyon ağac əkilib, ərazi 10 min kilometrdən çox uzunluğunda müasir damcılı suvarma sistemləri ilə təmin olunub.
8160 kubmetr həcmində 10 yeraltı dəmir-beton su anbarı, 200 min kubmetr həcmində 7 torpaq su anbarı, 18 nasosxana, 40-dək müxtəlif tikililər inşa edilib, 10 kilometrlərlə elektrik xətləri çəkilib, onlarla transformator quraşdırılıb, alternativ su mənbələri yaratmaq üçün 42 kilometr iritutumlu su xətləri çəkilib, minlərlə kubmetr gübrə daşınmış və ərazilərə verilib”.
Nazir qeyd edib ki, müxtəlif bölgələrdə 1700 hektar sahədə 1,1 milyondan artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilib. Onun sözlərinə görə, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılıb. Son 2 il yarımda əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfə artaraq 2 600 hektara çatıb.
Qeyd olunub ki, damcılı suvarma sistemlərinin qurulması və müvafiq qulluq nəticəsində, sərt şəraitə baxmayaraq, arid sahələr və yüksək minerallaşmış torpaqlarda salınmış yaşıllıqlarda yüksək bitiş faizi (95-98 %) təmin olunub. 2012-ci ildə salınmış bağlar artıq məhsul verməyə başlayıb ki, onlardan indi toxum kimi istifadə olunur, lakin növbəti illərdə əmtəə xarakterli məhsul gözlənilir.
Sələf Xəbər: Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş, insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).
Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını istəyirik. Rəbbimizdən, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa istək, arzu və əməl diləyirik. Amin!