Bu il Azərbaycandan Həccə 1500 zəvvar gedə biləcək
704 dəfə baxılıb
Azərbaycandan bu il Həcc ziyarəti üçün kvota 900 nəfər azaldılıb.
Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlarla ilə bağlı kvota məlum olub, yaxın günlərdə ziyarətin qiymətləri açıqlanacaq.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığında aparılan danışıqlar nəticəsində əldə olunan razılığa əsasən, bu il Azərbaycandan Həccə ən çox 1500 zəvvar gedə biləcək. Hazırda Həcc ziyarətinin qiymətləri dəqiqləşdirilir və razılıq əldə olunan kimi ziyarət arzusunda olan zəvvarların sənəd qəbuluna başlanacaq. QMİ-nin nümayəndə heyəti bununla bağlı Səudiyyə Ərəbistanında səfərdə olub.
Ötən il Azərbaycan üçün kvota 2400 nəfər təşkil edib. İdarədən bildirilir ki, bütün hallarda builki Həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən artacağı gözlənilir. Buna səbəb kimi manatın dollara nisbətdə bu il ucuzlaşması göstərilir. Ziyarət xərcləri artıq ötən ildən ABŞ dolları ilə hesablanır.
Qeyd edək ki, ötən ildən azərbaycanlı zəvvarların səfər xərclərinin ABŞ dolları ilə aparılmasına başlanılıb. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)