Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Bu qurumlardan izahat tələb olunmalıdır – Prezident (Allah onu qorusun)

Oktyabr 10
15:59 2017

Strateji Yol Xəritələrinin icrası ilə bağlı monitorinq aparılır. Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz. Bütün dövlət qurumları qarşısında vəzifə qoyulmuşdur. Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev (Allah onu qorusun) Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

“Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə Strateji Yol Xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır – 164 prioritet və 683 tədbir nəzərdə tutulmuşdur. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə, bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar.

İndi isə mən bu il qeyri-neft ixracımızla bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm ki, Azərbaycan ictimaiyyəti görsün, bizim işimiz necə gözəl nəticə verir. Bu rəqəmlər səkkiz ayı əks etdirir. Doqquz ayın rəqəmləri, yəqin ki, bir qədər sonra məlum olacaq. Yəni, indi səkkiz ayın göstəriciləri Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Deməli, ixracımız hansı səviyyədə artıb? Tərəvəz istehsalı 68 faiz, o cümlədən pomidor 60 faiz. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz.

Sənaye məhsulları – qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə.

Bu rəqəmlər ən yaxşı göstəricidir. Onlar göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu, hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək. Mən həmişə deyəndə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikrim var, bax, buna əsaslanıram.

Ölkəmizin ictimai-siyasi vəziyyəti də bir çox ölkələr üçün nümunə ola bilər. Xalq-iqtidar birliyi həmişə olduğu kimi möhkəmdir. İqtisadi göstəricilər, – bu gün müşavirədə bu göstəricilər səsləndi, – hər bir ölkə üçün nümunə ola bilər. Perspektivlərimiz bunlardır – sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi. Bunlar yalnız sadaladığım əsas istiqamətlərdir.

Ona görə əminəm ki, nəinki bu ilin sonuna qədər, bundan sonrakı illərdə də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan həmişə zirvələrdə olacaq”, – İlham Əliyev qeyd edib.

Digər xəbərlər