Cəbrayıl və Füzuli rayonları 23 ildir işğal altındadır
772 dəfə baxılıb
Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 23 il ötür.
Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın ermənilər tərəfindən işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.
Rayonda 90 kənd var və hazırda yalnız bir kənd – Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.
Cəbrayıldan olan məcburi köçkünlər hazırda respublikamızın 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.
Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.
1993-cü ilin 23 avqustunda erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl zalım, təcavüzkar və qonşusunun torpağına göz dikən insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)