Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

Aprel 28
15:26 2016

ABŞ Dövlət Departamenti: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.

“ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri regiona səfər edib. Biz münaqişə tərəfləri ilə təmasda olmuşuq. Dövlət katibi Azərbaycan və Ermənistan liderlərinə müraciət ünvanlayıb. Biz Dağlıq Qarabağ münaqişəsi zonasında hər hansı zorakılığı qəti şəkildə pisləyirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”, – deyə M.Toner bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-nin Azərbaycan SSR-yə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər