Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Davudoğlu: “Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqları işğal edilib”

Fevral 16
17:05 2016

“SSRİ dövrünü canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr verməyəcək”.

Ukraynada rəsmi səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu Kiyevdə həmkarı Arseni Yatsenyukla birlikdə mətbuat konfransı keçirib.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Ukrayna televiziyaları tərəfindən canlı yayınlanan mətbuat konfransında hər iki baş nazir Rusiyanın siyasətini kəskin tənqid edib. Ə. Davudoğlu Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb: “Hazırda Rusiya 3 ölkədə işğalçı durumundadır – Ukrayna, Gürcüstan və Suriya. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi də Rusiyanın dəstəyi ilə baş verib”.

Ə. Davudoğlunun fikrincə, Rusiyanın Ukraynadakı əməllərinə beynəlxalq aləm lazımi reaksiyanı versəydi, Rusiya bəlkə də Suriyaya girməyə cəsarət etməzdi: “Bu gün Rusiyanın istər Ukraynaya qarşı yol verdiyi, istərsə də Suriyada ortaya qoyduğu aqressiv siyasətə qarşı Ukrayna ilə ortaq mövqedəyik. Ukrayna təkcə bizə qonşu olan ölkə deyil, həm də bizim strateji ortağımızdır. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın ilhaqını rədd edir. Krım tatarların ana yurdudur. 1944-cü ildə zülmə məruz qalaraq torpaqlarından deportasiya edilən tatarların hüquqlarını müdafiə etməkdən məmnunluq duyuruq. Krım Ukraynanın bir hissəsidir”.

Ə. Davudoğlu Rusiya bombardmanları nəticəsində Suriyada çoxlu sayda qadın və uşaqların öldüyünü vurğulayıb. O, SSRİ-nin vaxtilə Əfqanıstanda üzləşdiyi aqibəti xatırladaraq Rusiyanın da Suriyadakı aqibətinin buna bənzəyəcəyini söyləyib: “Hazırda Suriyada iki tip işğalçı var – birincisi, Rusiya və İran, ikincisi, İŞİD və digər terror qrupları. Rusiya rəhbərliyinə demək istəyirik ki, artıq Sovetlər İttifaqı dövrü bitib. Həm də 25 il əvvəl bitib. O dövrü təkrar canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr doğurmaz. Bu, rus xalqının da qəbul etmədiyi bir şeydir”.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük İslam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir və məhz buna görə Uca Allah bunu qadağan etmişdir”.

Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər