Dəbdəbəli qəbirlər sökülüb sadə üsulla düzəldildi
1. 214 dəfə baxılıb
Qohumlarının bahalı qəbirlərini sökdürdü.
Dəbdəbəli, bahalı, qara mərmərdən hazırlanmış qəbirlər artıq kənddə ənənə halını alıb. Şamaxıda bir şəxsin təşəbbüsü nəinki bu kəndə, hətta qonşu kəndlərə də nümunə olub. O, dədə-babasının bahalı qəbirlərini sökdürərək sadə düzəltdirib.
İmkanı olan, olmayan bir-birinə baxır qəbirləri bahalı daşlardan düzəldirdi. Bu hal kənddə adətə çevrilmişdi.
“Sələf Xəbər” Qafqazinfo.az-a istinadən bildirir ki, Şamaxıda bu dəbdəbənin qarşını almaq üçün bir nəfər nümunəvi addımla çıxış edib.
Rayonun birinci Çaylı kəndində Qara Bədəlov adlı şəxs atası və digər qohumlarının qəbirlərində olan bahalı mərmərlərini sökdürüb. Yerində isə gördüyünüz bu sadə qəbirləri düzəltdirib.
Başlanğıcda hamı tərəfindən qınanan bu təşəbbüs artıq yaxşı hal kimi qarşılanır.
Qara Bədəlovun təşəbbüsündən sonra heç kim bahalı daşlardan istifadə etmir. Hamı qəbirləri sadə üsulla düzəltdirir. Hazırda Çaylı kəndində 40-dan çox məzar bu şəkildə düzəlib. Ənənə qonşu kəndlərdə də yayılmağa başlayıb.
Sələf Xəbər: Dinimiz bizə həyatımızın hər anında necə davranmalı olduğumuzu öyrətmişdir.
Əsası, ibadəti Tək olan Allaha aid etmək və insanlar arasında bərabərliyi saxlamaq olan, sosial təbəqələşməyə yox deyən İslam şəriəti müqəddəsləşdirilmək ehtimalı olan hər bir işə xüsusi diqqət ayırmış, bunun üçün qəti şəriət qanunları qoymuşdur. Dəfn mərasimi və qəbirlərin necəliyi də bu qəbildəndir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bizə bu haqda bir çox hədislərdə təlimlər vermişdir. Rəvayətlərin birində o, Əliyə (Allah ondan razı olsun) hündür qəbirləri bir qarış yüksəkliyində saxlamağı əmr etmişdi. Bu əsasla qəbirin bir qarışdan yüksək edilməsi qadağan edilmişdir.Şamaxıda baş vermiş bu hadisə dinimizin qəbirin hündürlüyü haqda qoyduğu qaydalara tam uyğun gəlmir, amma qismən də olsa təqdirəlayiq haldır. Hər birimiz qəbiristanlıqlarda ucaldılmış baş daşları, dəbdəbəli qəbirləri görürük. Şamaxılı sakinin atdığı addım bu istiqamətdə atılan ilk müsbət addım kimi dəyərləndirilə bilər. Dinimizin qaydalarına görə, kim yaxşı iş qoyub gedərsə, ona əməl edən hər kəsdən ona da savab yazılar. Kim pis iş qoyub gedərsə, əməl edənlərin hər birindən ona günah gedər.