Dini ayinlərlə bağlı qaydalar dəyişdiriləcək
786 dəfə baxılıb
Azərbaycanda dini ayinlər və mərasimlərin keçirilməsi, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdirilir.
“Sələf Xəbər”in ATV.az-a istinadən məlumatına görə, bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında “Dini etiqad azadlığı haqqında ” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.
Dəyişiklik təklifinə əsasən qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı (Maddə 21. Dini ayinlər və mərasimlər) dəyişdirilir. Bu maddə “Dini ayinlər, mərasimlər və atributlar” adlanacaq. Qüvvədə olan qanuna əsasən indiyə qədər islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilərdi. Dəyişikliyə əsasən isə İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağandır.
Qanunun 21-ci maddəsinə yeni bir əlavə də ediləcək. Bu əlavəyə əsasən ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında ” qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) ediləcək. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Qanun layihəsi bu gün komitələrin birgə iclasında müzakirədən sonra dekabrında 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Sələf Xəbər: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (Qurani-Kərim, “İsra” surəsi, 36-cı ayə)
“Dəqiq elmlə təsdiqlənməyənə əsaslanma, yalnız əmin olduqlarını danış və et. Düşünmə ki, etdiyin əməllər unudulacaq. Və düşünmə ki, sən onlardan nə fayda, nə da ziyan görməyəcəksən. Əksinə, qulaq, gözlər və ürək sorğu-sual olunacaqlar. Və əgər Allahın qulu öz sözlərinə və əməllərinə görə cavab verməli olacağını və Allaha ibadət üçün yaradılmış bədənindən necə istifadə etdiyi barədə hesab verəcəyini bilirsə, o mütləq bu sorğu-suala hazırlaşacaq. Bunun üçün o özünü Allaha ibadətə həsr etməli, yalnız Ona səmimi qəlbdən ibadət etməli və Onun sevmədiyi hər şeydən çəkinməlidir”. (Təfsir əs-Səədi)