Dövlət başçımız (Allah onu İslam üzərində sabit etsin) məscidlərin dağıdılmasından narahatdır
1. 068 dəfə baxılıb
“Azərbaycanda bütün tarixi məscidlər bərpa olunub, son illər ərzində yüzlərlə yeniləri tikilib. Ancaq ürək ağrımız odur ki, işğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər dağıdılıb. İnternetdə fotoşəkillər də var”.
“Sələf Xəbər”Avropa.info-ya istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşdə deyib.
İ. Əliyev bildirib ki, erməni işğalçı qüvvələri, həmçinin, Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar: “Bakıda isə biz erməni kilsəsini bərpa etmişik. Şəhərin mərkəzindədir. Hamı baxa bilər. Bax, bu, kimin hansı niyyətlərlə yaşadığını göstərir. Hətta, müharibə şəraitində bəşəri və dini normaları pozmaq olmaz. Təəssüf ki, biz bununla qarşılaşırıq. Dağıdılmış məscidlərimiz vandalizmin sübutudur. Digər hallarda da ümumbəşəri davranış və mənəviyyat normaları elə bu cür pozulub. Bir neçə il əvvəl bizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan çox işğalçını məhv edib. Özü də həlak olub. Aşkar ölümə gedib. Onun cəsədini bir neçə ay qaytarmırdılar. Təsəvvür edirsiniz, bir neçə ay! O, qəhrəmandır, öz torpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə həlak olmamışdır. Bax, belə epizodlar, əlbəttə ki, Qafqazdakı vəziyyəti ağırlaşdırır. Biz – Qafqazda minilliklər boyu yaşayanlar, yeni köçənlərdən fərqli olaraq, ənənələrimizi qoruyuruq və qoruyacağıq. Biz xalqlarımızın həyatını daha da yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).
“Əgər ən böyük qanun pozanlar məscidlərdə Allahın adını zikr etməyi qadağan edən günahkarladırsa, ən ləyaqətli möminlər, maddi və mənəvi cəhətdən məscidləri quranlardır. Məhz buna görə, Uca Allah buyurur: “Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar” (Müqəddəs Quran, “Tövbə” surəsi, 17-18-ci ayələr). Bundan əlavə, Allah məscidlər ucaltmaq, onlara hörmət bəsləmək və abadlaşdırmağı əmr edib. Allah buyurur: “(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə). Məscidlərə, adı çəkilən gözəl ayələrdə məğzi şərh olunan bir çox dini ehkamlar şamil olunur” (Bax “Təfsir Əs-Saadi”).