Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dövlət Sərhəd Xidməti genişmiqyaslı təlimlər keçirir

May 19
13:06 2015

Təlimlər çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə keçirilir.

Dövlət Sərhəd Xidməti “Ağgöl” səhra təlim mərkəzində taktiki təlimlərə başlayıb.

“Sələf Xəbər”in “Report”a istinadən verdiyi məlumata görə, təlimlər 2015-ci ilin döyüş hazırlığı proqramına uyğun olaraq “Azərbaycanın dövlət sərhədini pozmuş düşmən qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə keçirilir.

Xəbərdə qeyd olunub ki, təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olunmayan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulub: “Təlimlərin məqsədi Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirməni inkişaf etdirməklə yüksək qarşılıqlı fəaliyyətə nail olunması, bölmələrin idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin məşq etdirilməsi, şəxsi heyətə Vətənə məhəbbət, silaha inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanmasıdır”.

Təlimlər mayın 21-dək davam edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)

“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər