Dövlət Sərhəd Xidməti Xəzərdə təlim keçirib
722 dəfə baxılıb
Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib.
“Sələf Xəbər” Apa-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması mövzusunda taktiki təlimlər keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, təlimlər Xəzər dənizində mümkün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət elementlərinin təkmilləşdirilməsi məqsədilə dekabrın 8-11-də on taktiki epizod üzrə dörd mərhələdə keçirilib.
Gəmi inşası zavodunda inşa olunmuş itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş iki yeni sərhəd gözətçi gəmisi təlimlərdə uğurla sınaqdan keçirilib və Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib. Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirib.
Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən hərbi qulluqçular təltif olunublar.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə).
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur. Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin, dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).