Dünya Qarabağdan yazır – FOTO
796 dəfə baxılıb
Müdafiə naziri Zakir Həsənovun sonuncu bəyanatı dünyada əks-səda doğurub.
Azərbaycan Müdafiə naziri Zakir Həsənovun ön cəbhədə olarkən verdiyi sonuncu Qarabağ bəyanatı dünya mediasında əks-səda doğurub.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Zakir Həsənov ordunun işğal altındakı torpaqları qaytarmağa hazır olduğunu və vaxtın gəlib çatdığını bəyan edib.
“Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir.
Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir.
Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcək. Buna heç kimin şübhəsi olmamalıdır”, – deyə Müdafiə naziri bildirib.
Zakir Həsənovun bu bəyanatını nüfuzlu Bloomberg agentliyindən tutmuş, Asiya ölkələrinin mediasına qədər işıqlandırıldı. “Hürriyyet”, “RİANovosti” agnetlikləri, “Kommersant” qəzeti Zakir Həsənovun bəyanatına geniş yer ayırıb.
Hətta Müdafiə nazirinin Ermənistana etdiyi xəbərdarlıqla bağlı “Kommersant” qəzeti və “Kommersant FM” radiostansiyası xüsusi reportaj hazırlayıb.
“Bloomberg” agnetliyində isə Zakir Həsənovun bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilir və bildirilir ki, son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması Avropanı narahat etməyə başlayıb.
Türkiyə mətbuatı isə nazirin bəyanatını “Qarabağı qaytarmağın vaxtı çatdı”, “İşğalçı Ermənistan Qarabağdan çıxarılacaq” kimi başlıqlara təqdim edib.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşməndən geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!