Ə. Həsənov: “Müsəlmanlar terrorçu kimi təqdim olunur”
1. 045 dəfə baxılıb
“İki lider – Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən Türkiyə-Azərbaycan münasibətlərinin təməli sağlam qurulub”.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Bakıda “Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan İnternet mediasına keçid” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, bu iki dövlət bir yerdədir: “Ölkə başçılarımız – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev bütün məsələlərdə iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırlar, xarici ölkələrdəki diaspor təşkilatlarımız eyni məqsədə xidmət edirlər, diplomatik korpuslarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı əlaqələr çərçivəsində fəaliyyət göstərirlər, bir-birləri ilə daim məsləhətləşmələr aparır, eyni hədəflərə doğru hərəkət edirlər. Belə olan halda niyə media orqanları birgə fəaliyyət göstərməsinlər? Bu yaxınlarda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilmiş tədbirdə forpost hesab edilən ölkənin başçısı, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən Azərbaycan prezidenti “Türkiyə burda yoxdur, mən varam və sizin cavabınızı da mən verəcəyəm” demişdi. Bu ifadənin özü bu gün də dövlət başçılarımız səviyyəsində, iki ölkə arasında münasibətlərin göstəricisidir”.
Ə. Həsənov qeyd edib ki, Azərbaycan ən böyük sərmayələri Türkiyəyə yatırır: “Hər iki ölkənin jurnalistləri də ölkələrimizin vahid strategiyasına uyğun, ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin əsasını qoyduqları təməl prinsiplərdən çıxış edərək maraqlarımızı bölüşməli, vahid hədəflərə doğru birgə, əlaqələndirilmiş formada çıxış etməlidirlər. Hazırkı dövrdə media transformasiya olunur, ənənəvi KİV-lər yerlərini müasir informasiya vasitələrinə verirlər. İnsanlar arasında virtual ünsiyyət vasitələri sürətlə inkişaf edir, mövcud media strukturları da öz fəaliyyətlərini yeni reallığa uyğunlaşdırırlar. Ancaq jurnalistlər unutmamalıdırlar ki, istənilən halda hər iki xalqın maraqlarını nəzərə almalıdırlar”.
Ə. Həsənovun sözlərinə görə, 1993-cü ildən sonrakı dövrdə söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan KİV-ləri bölgənin aparıcı media strukturlarına çeviriblər. Onun fikrincə, hazırda bütün müsəlman dünyasında medianın imkanlarının genişləndirilməsinə, KİV-in öncül mövqelərə çıxmasına və vahid maraqlar kontekstindən çıxış etməsinə ciddi ehtiyac duyulur: “Bir neçə gün əvvəl İranda İslam Əməkdaşlıq Təşkilatının informasiya nazirlərinin toplantısında islam ölkələrinin jurnalist birliyinin yaradılması barədə təşəbbüsümüzü yüksək dəyərləndirdilər, hətta təsis tədbirinin Bakıda keçirilməsini istədilər. Təəssüf ki, biz dünyada, o cümlədən müsəlman dünyasında baş verən hadisələri daha çox CNN-dən, BBC-dən alırıq. Amma yayılan informasiyaların araşdırılması baş vermiş hadisələrlə təqdim olunan xəbərlər arasında ciddi uyğunsuzluğun olduğunu, obyektiv reallığın əsas cizgilərinin əksini tapmadığını göstərir. Suriyada, Qəzzada, Qarabağda və s. yerlərdə baş verən hadisələr yalnız həmin transmilli media orqanlarının təqdim etdiyi kimidirmi? Əlbəttə, yox. Müsəlman ölkələrinin jurnalistlərinin birgə fəaliyyət göstərə bilməməsinin nəticəsidir ki, müsəlmanlar beynəlxalq ictimaiyyətə terrorçu kimi təqdim olunur. İslam sivilizasiyası dünyaya nələr verib, nələr gətirib, biz bunları bilirik. Amma təəssüflər olsun ki, İslam sivilizasiyasının gətirdiyi o yaxşı dəyərləri öz adlarına çıxır, müsəlmanları isə terrorçu, bir-biri ilə yola gedə bilməyən kimi təqdim edirlər”.
Ə. Həsənov deyib ki, bir neçə il əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması kampaniyası başlayarkən Azərbaycan və Türkiyə mediası güclü iradə ortaya qoydu, hətta dövlət rəsmilərinə nümunə göstərdilər: “Türkiyə Azərbaycan torpaqlarını işğal edən ölkə ilə sərhədləri açmayacağını, torpaqlar işğaldan azad edilənə qədər əlaqə qurmayacağını bəyan edib. 1993-cü ildə sərhədlərin bağlanması Türkiyə xalqının və dövlətinin iradəsidir. Buna qarşı çıxanlar bilməlidirlər ki, qarşılarında həm də jurnalistləri görəcəklər. Hazırda ermənilər 1915-ci il qondarma “erməni soyqırımı” iddiası ilə bağlı kampaniya aparırlar. Bəzən elə gəlir ki, bu iş Türkiyədən daha çox Azərbaycana qarşı çevrilib. Çünki bu sahədə Azərbaycan mediasının və QHT-lərinin fəaliyyəti Türkiyə mediası və QHT-lərinin fəaliyyətindən daha güclü təəssürat bağışlayır”.
Türkiyə və Azərbaycan mediasının bundan sonra da səylərini birləşdirəcəklərini dilə gətirən Ə. Həsənov hazırda azərbaycanlı jurnalistlərin Türkiyə telekanallarında, mediasında, Türkiyə mediası təmsilçilərinin isə Azərbaycanda təcrübə keçdiklərini vurğulayıb: “Türkiyə dünyanın 20 ən güclü iqtisadiyyatından biridir. Azərbaycan da bu gün Türkiyənin gücünə güc qatacaq səviyyəyə gəlib çıxıb. Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın vəsait yatıracaq. Bütün bunların fonunda yaxın gələcəkdə Türkiyə və Azərbaycan vahid mövqedən çıxış etmək imkanlarını daha da genişləndirəcəklər. Onu da bəri başdan deyim ki, bu vahid mövqe heç kimin maraqlarını təhdid etmir və etməyəcək. Bu gün biz Azərbaycan ərazilərinin bütövlüyü uğrunda mübarizə aparırıq. Biz dünya birliyinin üzvü kimi artıq heç nə istəmirik. Azərbaycan və Türkiyə dünyaya verdiklərindən artıq heç nə istəmir”.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).