Əfqanıstanda təyyarəmizin qəzaya uğraması ilə bağlı rəsmi məlumat
744 dəfə baxılıb
İki Ukrayna vətəndaşı sağ qalıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası mayın 18-də Əfqanıstanın Dvayer hava limanında baş vermiş təyyarə qəzası ilə bağlı məlumat yayıb.
“Sələf Xəbər”in Oxu.Az-a istinadən məlumatına görə, administrasiyadan daxil olan məlumatda bildirilir ki, təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb.
“Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb”.
Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub:
1.Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü
2.Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3.Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4.Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü
5.Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6.Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7.Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8.Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9.Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü
Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb.
Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb.
Hazırda komissiyanın sədri – Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüblər.
“Silk Way” aviaşirkəti təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)