Ən keyfiyyətli avtomobil almaq istəyənlərin nəzərinə
3. 255 dəfə baxılıb
“Sələf Xəbər” touch.auto.mail.ru saytına istinadən xəbər verir ki, Amerikalı mütəxəssislər ən keyfiyyətli yeni avtomobillərin adını açıqlayıb.
Müvafiq araşdırmanı J. D. Power and Associates agentliyinin mütəxəssisləri aparıb. Onlar avtomobil alındıqdan 90 gün sonra 86 min yeni avtomobil sahibi arasında sorğu keçiriblər.
Araşdırma 2014-cü ilin fevral ayından may ayına qədər aparılıb. Mütəxəssislər verilən müddət ərzində yeni avtomobillərdə meydana gələn nasazlıqları nəzərə alıblar. Hətta ən kiçik nasazlıq da qeydə alınıb. Sınmalar barədə məlumatların əsasında yeni avtomobilin “keyfiyyət indeksi” müəyyən olunub, yəni, hər hansı brend üzrə 100 avtomobilə düşən sınmaların sayı hesablanıb. Mütəxəssislər qeyd edir ki, hər hansı modeldə ən tez-tez baş verən nasazlıqlar, məhz avtomobil satın alındıqdan sonra ilk üç ay ərzində meydana gələn nasazlıqlardır.
2014-cü ildə aparılmış araşdırmanın nəticələrinə əsasən, ən yüksək keyfiyyət göstəricisi Porsche avtomobilinə məxsus olub – 100 avtomobilə 74 nasazlıq. İkinci yerdə Jaguar brendinin avtomobilləri (87 nasazlıq) qərarlaşıb, üçüncü yer isə yapon markası olan Lexus avtomobillərinin payına düşüb (100 avtomobilə 92 nasazlıq).
Daha kütləvi brendlər arasında əldə edilmiş nəticələr də maraqlıdır. Məsələn, detalların etibarlılığına görə dördüncü yeri Hyundai avtomobilləri (94 nasazlıq) tutub. Bu nəticələrlə Hyundai, Toyota (105) və Chevrolet (106) avtomobillərini qabaqlamağa nail olub. Siyahıda növbəti yerləri Kia (106) avtomobilləri tutub. Kia avtomobillərinin keyfiyyətinin Honda və BMW brendlərindən (hər iki markanın keyfiyyət indeksi 108-dir) üstün olduğu sübut olunub.
Doğrudur, J. D. Power and Associates agentliyinin mütəxəssisləri qeyd-şərt edərək bildirir ki, ilkin mərhələdə keyfiyyət, avtomobilin etibarlı olmasının tam göstəricisi deyil. Çünki, avtomobilin 3 il, 5 il və daha çox illər ərzində özünü necə göstərəcəyi də böyük əhəmiyyət kəsb edir. Mütəxəssislər həmçinin avtomobil alışı zamanı müəyyən problemlərlə qarşılaşmamaq üçün öz tövsiyələrini veriblər: onlar alıcılara avtomobil alarkən artıq bir ildir bazarda olan modelləri seçməyi, həmçinin bahalı və yüksək texnologiyalarla təchiz edilmiş nəqliyyat vasitələrini seçərkən “yüz ölçüb bir biçməyi” məsləhət görür.