Ərdoğan Azərbaycana planlaşdırılan səfəri təxirə saldı
667 dəfə baxılıb
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıdadır.
Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi xəbər yayıb.
Qeyd edək ki, sabah Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcəkdi.
“Anadolu”nun yazdığına görə, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Agentlik qeyd edib ki, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatı itirənlərin ailə üzvlərinə başsağlığı verdiyi, yaralılara şəfa dilədiyini qeyd etdiyi də bildirilib.
Türkiyə prezidentinin də həmin tədbirdə iştirak çərçivəsində Azərbaycana səfəri planlaşdırılmışdı.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu da sabah Brüsselə planlaşdırılan səfərini təxirə salıb.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıya gəlib.
APA-nın məlumatına görə, o, Azərbaycanda rəsmi şəxslərlə, o cümlədən Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Xatırladaq ki, sabah Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik.
Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!