Ərdoğan: “Terrorun dini, bölgəsi yoxdur”
1. 120 dəfə baxılıb
“Terrora qarşı qlobal ittifaq yaradılmalıdır”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı ilə bağlı təşəbbüsünü 11 il əvvəl Türkiyə İspaniya ilə birlikdə irəli sürüb: “Günümüzdə 140-dan çox ölkə bu təşəbbüsə dəstək verir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser rəhbərliyi ilə bu işlər görülür. Tolerantlıq və dialoq hədəflərimizə dəstək verən bütün dost ölkələrə təşəkkür edirəm. Ancaq hələ də Alyansın hədəflərinə çatmaqdan çox uzağıq. İnsanların inancları, etnik mənsubiyyəti ilə bağlı ayrımçı düşüncələri hələ tam ortadan qaldıra, terrorizmə qarşı bizdən gözlənilən ortaq mücadiləni yetərli qədər ortaya qoya bilməmişik. Suriyada, Fransada, Belçikada, İspaniyada, Türkiyədə, Pakistanda ard-arda bombalar parlayarkən məqsədimizi ortaq fikrə, ideyaya çevirməyi bacarmadıq. Zorakılığın qarşısının alınması üçün dialoqu inkişaf etdirməyin zəruriliyini bütün dünyaya qəbul etdirə bilməmişik. Etnik və dini fərqliliyin təhdid deyil, zənginlik olduğu barədə anlayışı yaymağı bacarmamışıq”.
Ərdoğan qeyd edib ki, bu təhlükəli gedişə son vermək zəruridir: “Dini və etnik səbəblərlə qarşıdurmalar nəticəsində 60 milyondan çox insanın evindən didərgin düşdüyü reallıqda yaşayırıq. Miqrantların bir qismi sulara gömülür, bir qismi isə getdikləri yerlərdə xoş qarşılanmır. İslam adına terror törədənlər ən böyük pisliyi müsəlmanlara qarşı törədirlər. Bu terror təşkilatlarının əli ilə qədim şəhərlər xarabalığa çevrilir, mədəniyyətlər məhv olur. Qərb ölkələrində bu səbəbdən müsəlmanlara mənfi baxış artır. Fərqli mədəniyyətə, dinə malik insanlar arasında uçurumların dərinləşməsi daha böyük fəlakətlərə aparır. Terrorun, terror təşkilatlarının dini, bölgəsi yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir din, vicdan qəbul etməz. Xüsusən, İslam mahiyyətcə sülh dinidir. Belə bir din terrora dəstək verərmi? Bizim dində terrora yer yoxdur. İŞİD və digər terror təşkilatlarının İslamla heç bir əlaqəsi yoxdur. Ölənin Allahu-Əkbər, öldürənin də Allahu-Əkbər dediyi bir anlayış ola bilərmi?! Mədəniyyətlərarası İttifaq, ortaq səylərimizlə bu təhdidlərin qarşısını ala bilərik. İlk növbədə, məzhəbçiliyə qarşı mübarizə aparmalıyıq. İkincisi, irqçilik çox ciddi təhdid olaraq terrora zəmin yaradır. Məzhəbçilyə və irqçiliyə qarşı orta mübarizə apara bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Bütün irqlərin nümayəndələrinə insan kimi baxmalı və qəbul etməliyik”.
Türkiyə prezidenti qeyd edib ki, terrora qarşı qlobal ittifaq yaradılmalıdır: “Qlobal ittifaq yarada bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Suriyada terrorla başlayan proses daxili savaşa çevrilib. Suriyada əsl dövlət terroru var, insanları bombalayırlar. Suriyada dövlət terroruna yol verənlərin ayaqları altına qırmızı xalça sərənlər, onlara maddi yardım edənlər, silahlar verənlər məsuliyyət daşıyırlar. Egey və Aralıq dənizində ölümdən qurtardığımız insanların sayı yüz minə çatıb. Sadəcə, Suriya və İraqdan 3 milyona qədər insan Türkiyədədir. Gəlib bizə təşəkkür edirlər. Ancaq bal-bal deməklə ağız şirin olmaz. İndiyə qədər bu qaçqınlar üçün Türkiyə dövlət olaraq 10 milyard dollar xərcləyib. Bura vətəndaş cəmiyyəti qurumlarının xərclədiyi vəsait daxil deyil. Biz yenə də sərhədlərimizi bombalardan qaçan insanların üzünə bağlamayacağıq”.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)
Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
“Uca Allah insanlara həqiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən, birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik. Amin!