“Ermənilər BM-21 yaylım atəşli reaktiv sistemlərindən atəş açmağa başlayıblar”
743 dəfə baxılıb
“Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir”.
“Sələf Xəbər” “Report”a istinadən məlumat verir ki, bunu Qarabağ bürosunun müxbirinə Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
V.Dərgahlının sözlərinə görə, son üç sutka ərzində erməni tərəfi atəşkəs rejimini ağır artilleriya qurğuları ilə pozaraq, yaşayış məntəqələrini və mülkü şəxsləri atəşə tutur: “Bu, Ermənistanın siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı təxribat xarakterli siyasətini açıq-aydın göstərir. Ermənilər qadağan olunmuş silahlardan da istifadə edirlər ki, həmin mərmilərin beynəlxalq konvensiyalar tərəfindən istifadə olunmaması göstərilib. Ermənilər isə öz barbarlığını göstərərək, bu silahlar vasitəsilə yaşayış məntəqələrini atəşə tuturlar. Atəşkəsin pozulması əsasən gecə saatlarında olur. İriçaplı silahlardan, minaatanlardan, D-20 və D-30 haubitsalarından istifadə olunmaqla yaşayış məntəqələri atəşə tutulur”.
MN rəsmisi əlavə edib ki, ermənilər BM-21 reaktiv yaylım atəş sistemlərindən atəş açmağa da başlayıblar: “Ermənilər bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur. Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır”.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Uca Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)