Ermənistanın bu təxribatı mayın 10-da müzakirə olunacaq
741 dəfə baxılıb
Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinə rəy verib.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu gün Ermənistan hökuməti qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib.
Qeyd edək ki, sənədi hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, rəydə bildirilir ki, sözügedən qanun layihəsinin qəbulu “DQR” ilə Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır.
Həmin qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)
Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!