“Ermənistanın iqtisadi və hərbi gücü Azərbaycanla müqayisə edilə bilməz”
795 dəfə baxılıb
“Ermənistan nədir ki? Əhalisi yox, iqtisadiyyatı yox…”
“Dağlıq Qarabağ erməniləri 1988-ci ildə Ermənistana birləşmə qərarı qəbul etdilər. Sovetlər dağılanda müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün savaşa başladı. Əvvəllər Şuşanı, Laçını, Kəlbəcəri işğal edən ermənilər o vaxt Dağlıq Qarabağdan kənara çıxaraq, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını da işğal etdilər. Daha sonra “məsələnin sülh yoluyla həll edilməsi məqsədiylə” hər şey ATƏT-in Minsk Qrupunun sərəncamına verildi. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz azad etmələri üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədiyi kimi Minsk Qrupu da problemin ədalətli şəkildə həll edilməsi üçün bu günə qədər heç bir addım atmadı. Görünən odur ki, Rusiya problemin bu şəkildə qalmasını istəyir. Status-kvonun dəyişməməsi o biri ölkələrin də mənafeyinə uyğun gəlir. Erməni diasporunun güclü olduğu Fransa və ABŞ Qarabağdakı mövcud durumun dəyişməsini istəyərmi?”
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bunu İstanbul Aydın Universitetinin beynəlxalq məsələlər üzrə professoru Nadir Dövlət deyib.
N. Dövlət bildirib ki, bölgədə Azərbaycanla Türkiyə dost ölkədir: “Azərbaycan torpaqları işğal edilibsə, Türkiyə işğalın aradan qaldırılması üçün səsini ucaldacaq. Bunu başda hörmətli prezident olmaqla dövlət rəhbərləri edirlər”.
Professor da qeyd edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Ermənistandan güclü olduğunu bilir: “Azərbaycanla Ermənistan təkbətək qalsa, Azərbaycanın öz torpaqlarındakı erməni işğalına son qoyması çətin deyil. Ermənistan nədir ki? Əhalisi yox, iqtisadiyyatı yox, hərbi gücü Azərbaycanla müqayisə edilə bilməz”.
Onun sözlərinə görə, Ermənistanın mövcud yanaşması məsələnin siyasi yollardan həllinin mümkün olmadığını göstərir: “Ona görə də Azərbaycan öz hərbi gücünü daha da artırma yolunda davam etməlidir. Torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın atacağı bütün addımlar haqlı olacaq. Ermənistan Rusiyanın dəstəyindən məhrum qalarsa, Azərbaycan torpaqlarını işğal altında saxlaması mümkün olmayacaq”.
Türkiyə-Rusiya münasibətlərindən danışan mütəxəssis qeyd edib ki, iki ölkə arasında münasibətlərin yaxın gələcəkdə düzəlməsini gözləmək sadəlövhlükdür: “Mən siyasi münasibətləri nəzərdə tuturam. İki ölkə arasında ticari münasibətlərin davam etməsi çox normaldır. Ancaq söhbət siyasi münasibətlərdən gedirsə, bunun indiki mərhələdə düzəlməsini gözləmirəm”.
Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!