Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Fuad Ələsgərov: Müasir dövrün çağırışları separatizmə və dini ekstremizmə qarşı daha çevik yanaşmanı tələb edir

İyul 09
10:47 2014

Trend məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul – polis işçilərinin peşə bayramı və 2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edib.

O vurğulayıb ki, müasir dövrün çağırışları destruktiv proseslərə, xüsusilə separatizmə və dini ekstremizmə qarşı daha çevik yanaşmanı və ictimai-siyasi sabitliyin təmin olunması, dövlətçiliyin qorunmasında daha qətiyyətli olmağı tələb edir.

F.Ələsgərov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasına qətiyyətli addımlar atıb, çətin və şərəfli vəzifələrinin öhdəsindən lazımınca gəlib.

O, hər zaman ictimai asayişin və sabitliyin keşiyində dayanan və Vətənin müdafiəsində qurbanlar verən Azərbaycan polisinin əməyini yüksək qiymətləndirib: “Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Sabitlik inkişafın əsas şərtidir. Bu gün dünyada cərəyan edən təhlükəli proseslər fonunda Azərbaycan insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri hesab olunur. Sabitliyin təmin olunmasında şübhəsiz ki, daxili işlər orqanlarının rolu danılmazdır”.

F.Ələsgərov həmçinin qeyd edib ki, son 10 ildə polis əməkdaşlarının sosial müdafiəsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə Prezident İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) tərəfindən 9 sərəncam imzalanıb. Onun sözlərinə görə, bu diqqət və qayğı bundan sonra da davam edəcək.

PA rəsmisi bildirib ki, Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan tələb və vəzifələr daxili işlər orqanları tərəfindən lazımınca yerinə yetirilir, ölkədə cinayətkarlığa qarşı mübarizə böyük peşəkarlıqla həyata keçirilir.

O, polis işçilərini peşə bayramı münasibətilə təbrik edib və peşə fəaliyyətlərinin yerinə yetirilməsində uğurlar arzulayıb.

 Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim Peyğəmbər (Allahın ona salamı olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 126-cı ayə).

Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam beş əsas şey: din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər kim (müsəlmanlarla müqavilə altında olan) bir qeyri-müsəlmanı öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir.”

Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, və ya yollardakı quldurlar, və ya qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir. (Bax “Fataua əş-şər’iə fi qadaə əl-‘əsriya” 125).

Digər xəbərlər