Füzulidə yas mərasimləri sadə və israfsız keçirilir
857 dəfə baxılıb
Füzuli rayonunda yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, yas mərasimlərində, ehsan süfrələrində müşahidə edilən israfçılıq uzun illər az qala “adət-ənənələrin dəyişməz rəmzləri” kimi qarşılanıb. Sevindirici haldır ki, iki ilə yaxındır ki, rayonun bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız keçirilir. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Ötən müddət ərzində insanlar istər şifahi, istərsə də yazılı formada rayon İcra Hakimiyyətinə müraciət edərək öz razılıqlarını bildirirlər. Əhali birmənalı olaraq yas mərasimlərinin bu cür sadə, təmtəraqdan uzaq keçirilməsini alqışlayır və dəstəkləyir.
Rayonun axundu Nəriman Nəsirov deyir ki, ehsan məclislərinin təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır.
Əlbəttə, rayonda yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq edilmir, bu məsələdə islamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi-nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir.
Sələf Xəbər: Dinimiz bizə həyatımızın hər anında necə davranmalı olduğumuzu öyrətmişdir.
Əsası, ibadəti Tək olan Allaha aid etmək və insanlar arasında bərabərliyi saxlamaq olan, sosial təbəqələşməyə yox deyən İslam şəriəti müqəddəsləşdirilmək ehtimalı olan hər bir işə xüsusi diqqət ayırmış, bunun üçün qəti şəriət qanunları qoymuşdur. Dəfn mərasimi və qəbirlərin necəliyi də bu qəbildəndir.Füzuli sakinlərinin əməlləri bu istiqamətdə atılan tam da olmasa, qismən müsbət addımdır. Ona görə ki, çadırların qurulması, məclisin yenə də təm-təraqlı olması üçün zəmindir. Şəriətimizin qaydalarına görə dinə müxalif işə yol açan vasitələr əvvəlcədən dəf edilməlidir. Əgər biz çadır qururuqsa, buna sərf etdiyimiz maddi xərci israf etmiş oluruq. Hər kəs belə çadırların necə baha başa gəldiyini yaxşı bilir. Həmçinin çadırların qurulması yenə də kiminsə orada yemək bişirib “ehsan” verməsi üçün münbit zəmindir. Ona görə də dinimizin təlimlərinə görə ölən insan qüsl edilir, kəfənlənir, cənazə namazı qılınır və dəfn edilir. Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) dünyasını dəyişəndə müsəlmanlar onun üçün bundan artığını etmədilər. Bu gün bizim də belə etməyimiz tam şəriət qaydalarına uyğunluq təşkil edərdi. Ümid edirik ki, vaxt keçdikcə insanlarımız bunu da anlayacaq və bu sahədə tam müvafiq olacaqlar.
Dinimizin qaydalarına görə, kim yaxşı iş qoyub gedərsə, ona əməl edən hər kəsdən ona da savab yazılar. Kim pis iş qoyub gedərsə, əməl edənlərin hər birindən ona günah gedər.
Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”. (Qurani-Kərim, “Əraf” surəsi, 31-ci ayə)“Uca Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir”. (Bax: “Təfsir Əs-Saadi”)