Generallarımız Əbu-Dabidəki beynəlxalq tədbirdədir
895 dəfə baxılıb
Fövqəladə Hallar, Müdafiə və Müdafiə Sənayesi nazirləri, Dövlət Sərhəd Xidmətinin rəisi Əbu-Dabidəki sərgidədirlər.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “İDEX-2015” beynəlxalq müdafiə sərgisi işə başlayıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, dünyanın müxtəlif ölkələrindən 1500-dək şirkətin qatıldığı sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə təmsil olunur. MSN stendində Azərbaycan müəssisələrində istehsal olunmuş 180-dən artıq məhsul, o cümlədən atıcı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. təqdim olunur.
Sərgidə Azərbaycan istehsalı olan atıcı silahlar və döyüş sursatları xarici ölkələrin hərbçiləri tərəfindən maraqla qarşılanıb.
Sərginin açılış mərasiminə BƏƏ ilə yanaşı regiondan və dünyanın müxtəlif ölkələrindən Silahlı Qüvvələr rəsmiləri, müdafiə nazirləri qatılıblar.
İDEX sərgisi ilə bir yerdə NAVDEX-2015 dəniz texnologiyaları, UMEX-2015 pilotsuz texnologiyalar sərgisi keçirilir.
Sərgidə Azərbaycanı Müdafiə Sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nazir Y. Camalovun sərgi çərçivəsində bir sıra ölkələrdən olan həmkarları ilə görüşləri planlaşdırılır.
Ziyarətçi qismində sərgiyə Azərbaycandan “İDEX-2015” sərgisində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı altında nümayəndə heyətləri iştirak edir.
Sərginin rəsmi açılışından sonra Azərbaycandan olan nümayəndə heyətləri MSN stendinə baş çəkib. Burada Azərbaycanda istehsal edilən məhsullar barədə məlumat alıblar.
Müdafiə sənayesi naziri Yavər Camalov açıqlamasında bildirib ki, nazirlik sərgidə 180 adda məhsulla təmsil olunur: “Bizim BƏƏ ilə müdafiə sənayesi sektorunda əməkdaşlıq planlarımız var. Bir neçə həftə əvvəl BƏƏ heyəti Bakıda oldu və danışıqlar apardıq. Bizim bir sıra məhsulların burada testi nəzərdə tutulur. Ümumilikdə ərəb regionu Azərbaycan üçün perspektiv sayılan regionlardandır ”.
Nazir yaxın vaxtlarda MSN-in 5 yeni istehsal sahəsinin istifadəyə veriləcəyini bildirib. Onun sözlərinə görə, istifadəyə veriləcək müəssisələrdən biri ölkədə ilk dəfə tanklar və artilleriya vasitələri üçün döyüş sursatları istehsal olunacaq. Bununla da Azərbaycanın xaricə asılılığı aradan qalxacaq.
DSX rəisi, general-polkovnik Eçin Quliyev Azərbaycan istehsalı olan patronların keyfiyyətinə görə yüksək səviyyədə olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan MSN İDEX sərgisinə ikinci dəfədir qatılır. Bundan əvvəl – 2011-ci ildə MSN İDEX sərgisində stendlə təmsil olunub.
Sərgi çərivəsində Azərbaycan MSN stendində Azərbaycan və BƏƏ Sərhəd Mühafizəsi rəhbərlərinin görüşü baş tutub.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)