Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Hacıqabulda güclü yanğında yaşıllıq sahəsi məhv olub

May 31
16:20 2016

“İlkin ehtimala görə yanğının baş verməsinə bəzi ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş papiros kötüyünün yerə atılması səbəb olub”.

Bakı-Qazax yolunun 110-111-ci kilometrliyində Hacıqabul rayonu ərazisində, dəmiryol xəttinin kənarında quru ot örtüyündə yanğın hadisəsi baş verib.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, yanğın sonradan 2008-ci ildə nazirlik tərəfindən magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahəsinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Hacıqabul rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın söndürülüb:

“İlkin ehtimala görə yanğının baş verməsinə bəzi ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş papiros kötüyünün yerə atılması səbəb olub.

Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 180 ədəd Eldar şamı yanaraq məhv olub, 90 ədəd Eldar şamı, 103 ədəd yaşıl göyrüc, 113 ədəd akasiya və 60 ədəd zeytun ağacına ziyan dəyib. Təəssüflə bildiririk ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində səkkizillik ağaclar məhv olub, magistral yol kənarında artıq meşə zolağına çevrilmiş yaşıllıq sahəsinin bir hissəsi yanaraq külə dönüb.

Əfsus ki, bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək yanan papiros kötüyünü yerə atır və meşə zolağının yanaraq məhvinə səbəb olur. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır”.

ETSN əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq meşəbərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır”.

Sələf Xəbər: Dində müəyyən qızıl qaydalar (qəvaid fiqhiyyə) vardır ki, İslamın bir çox prinsiplərini özündə ehtiva edir. Bu qaydalardan biri də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisinə əsaslanan “Zərər verməkdə yox, zərər almaqda yox!” qaydasıdır.

Bu qayda həyatın bütün sahələrinə aid olub, ətraf mühitin qorunmasına da şamil edilir. Çünki ətraf mühit çirkləndikcə bizim səhhətimiz korlanır, başqa sözlə, ya zərər vuranlardan, ya da zərərə uğrayanlardan oluruq.

Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.

Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir.

Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar.

Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 211-ci ayə)

Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş, insan və ya heyvan yeyərsə, bu becərən kimsənin sədəqəsi sayılar”. (Buxari və Müslim)

Əziz müsəlmanlar, Uca Allahdan bizim bu gözəl ölkəmizi qorumasını istəyirik. Rəbbimizdən, bizlərə bəxş etdiyi bu gözəl təbiəti qorumağa istək, arzu və əməl diləyirik. Amin!

Digər xəbərlər