Həkimlərdən xəbərdarlIq: Özünüzü günvurmadan qoruyun
950 dəfə baxılıb
“Qafqazinfo” ANS TV-ə istinadən xəbər verir ki, son iki gündə ölkə ərazisində hökm sürən isti hava şəraiti insanları daha ehtiyatlı davranmağa məcbur edib.
Günorta saatlarında paytaxt küçələrində seyrəklik müşahidə edilir. Çünki əksər sakinlər günvurmadan qorunmaq üçün məhz axşam saatlarında gəzintiyə çıxmağa üstünlük verir.
Bu hava şəraitinin fəsadları da artıq özünü göstərib.
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yay fəsli daxil olandan bu günə qədər 29 nəfər təcili tibbi yardım stansiyasına gün vurma diaqnozu ilə müraciət edib.
Təkcə ötən gün qeydə alınan yüksək temperatur 3 nəfərin stansiyaya müraciət etməsinə səbəb olub. Gün vurma diaqnozu qoyulan 3 nəfərdən 2-nə tibbi yardım göstərilib, digər bir nəfər isə vəziyyəti nisbətən ağır olduğundan müalicəsini xəstəxanada davam etdirməli olub.
Məhz buna görə də həkimlər bu cür isti havada zərurət yaranmadığı təqdirdə saat 11:00-dan 17:00-dək açıq havada olmamağı məsləhət görür. Gün ərzində daha çox maye qəbul etməklə gün vurmasından qorunmaq mümkündür.
Hidrometeoroloqlar da sakinlərə kəskin istilərlə bağlı xəbərdarlıq edir. 18-19-20 avqust tarixlərində havanın temperaturunda yüksəlmə qeydə alınacaq. 18-19 avqust tarixlərində havanın hərarəti 39 dərəcəyə qədər qalxacaq. Ən yüksək temperatur isə 20 avqust tarixində qeydə alınacaq.
Baş hidrometeoroloq Asif Verdiyevin sözlərinə görə, ayın 20-də Bakı və yarımadada temperaturun 40 dərəcəyə qədər yüksəlməsi gözlənilir: “Bəzi yerlərdə, eyni zamanda mərkəzi aran rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 43 dərəcəyə qədər artacaq”.
3 gün davam edəcək kəskin istilər isə avqust ayının 21-dən etibarən nisbətən sərin hava ilə əvəzlənəcək. Əsən şimal küləyi hərarətin azalmasına səbəb olacaq.