Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair yekun bəyanatı

Dekabr 21
16:02 2015

“Berndə keçirilən sammit prezidentlərə onların mövqelərini aydınlaşdırmaq imkanı yaradıb”.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin onların iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında İsveçrənin Bern şəhərində keçirilən görüşləri ilə bağlı bəyanatlarında deyilir. Görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bəyanata əsasən, görüşdə prezidentlər son zorakılıq hallarını müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər: “Prezidentlər həmsədrlərin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının azaldılması tədbirləri ilə bağlı təklifləri və araşdırma mexanizmini dəstəkləyiblər. Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazırlıqlarını ifadə ediblər. Onlar, həmçinin Minsk qrupu formatına inamlarını təsdiqləyiblər”.

Qeyd olunur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə vasitəçilik etmək üçün tərəflərlə işləməyə hazır olmaqda davam edirlər.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”. (Qurani-Kərim, “Ənfal” surəsi, 61-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən qeyri-müsəlmanlar sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.
Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər qeyri-müsəlmanlar birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.
Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə çalmağa kömək edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər