İctimai yerlərdə siqaret çəkmək qadağan edilir
1. 021 dəfə baxılıb
Yaxın iki ildə Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək.
“Sələf Xəbər”in “Report”a istinadən xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində müddəa yer alıb.
Tütün məhsulları ilə məhdudlaşdırmalar 2016-2017-ci illərdə həyata keçiriləcək.
Sənədə əsasən, tütünə nəzarət üzrə qanunvericilik təkmilləşdiriləcək. Bununla da ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadə qadağan ediləcək; tütün satışının stimullaşdırılması və sponsorluğu qadağan ediləcək; bütün tütün məmulatında tütünün sağlamlığa zərəri barədə iri və təsiredici şəkilli xəbərdarlıq əks etdiriləcək; 2020-ci ilədək tütün məmulatına qoyulan aksiz vergisi artırılacaq; tütün istehlakı 15%-dək azaldılacaq.
Sələf Xəbər: İslam – müdriklik, ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir, ona ziyan vuran şeyləri isə qadağan edir.
Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir.
Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.XX əsrin görkəmli İslam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşulduqda, şeyx belə cavab verib: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim , “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun), həmçinin israfçılığı da qadağan edib.
Tibb sübut edir ki, siqaret çəkmə sağlamlığa ziyan vurur və hətta siqaret çəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun nə gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin.)